Fransada dizel yanacağının orta qiyməti tarixi maksimuma çatıb. Sentyabrın 20-də səhər saatlarında bir litr dizelin qiyməti 2,4097 avro təşkil edərək əvvəlki gün qeydə alınmış rekordu yeniləyib.
MSNews.az xəbər verir ki, bu barədə “AFP” agentliyi Fransa İqtisadiyyat Nazirliyinin açıq məlumatlarını təhlil edərək məlumat yayıb. Hesablama ölkə üzrə 8 700-dən çox yanacaqdoldurma məntəqəsinin sentyabrın 20-də saat 10:30-a olan qiymətləri əsasında aparılıb. Göstərilən 2,41 avro ölkə üzrə orta qiymətdir; ayrı-ayrı məntəqələrdə yanacaq daha ucuz və ya baha satıla bilər.
Dizelin bahalaşması Yaxın Şərqdəki müharibənin yanacaq tədarükünü pozması fonunda baş verir. Neft və emal olunmuş yanacaq məhsullarının daşınmasındakı fasilələr, eləcə də beynəlxalq bazarda dizel təklifinin azalması Avropada qiymətlərə təzyiqi artırır.
Fransada digər yanacaq növləri də bahalaşıb. Sentyabrın 20-də ölkədə ən çox istifadə olunan benzin növlərindən SP95-E10-un orta qiyməti litr üçün 2,17 avronu, SP98-in qiyməti isə 2,28 avronu ötüb.
Qiymət artımı fonunda Fransa hökuməti yanacaq xərclərindən daha çox təsirlənən sahələr üçün nəzərdə tutulmuş hədəfli yardım tədbirlərinin müddətini ilin sonunadək uzatmaq qərarına gəlib.