Fransada azyaşlıların fahişəliyə cəlb edilməsi və seksual istismarı ilə bağlı vəziyyət daha da ağırlaşıb.
“Anadolu Agentliyi”nin, Fransa Milli Qadınlara Qarşı Zorakılıq Observatoriyasının yeni məlumatlarına istinadən yaydığı xəbərə görə, 2025-ci ildə 704 azyaşlı qurban qeydə alınıb. Bu, 2021-ci illə müqayisədə 43 faiz artım deməkdir. Qurbanların 416-sı proxenetizm, 288-i isə fahişəliyə cəlbetmə və ya pullu cinsi xidmətdən istifadə ilə bağlı işlər üzrə müəyyənləşdirilib. Aşkarlanan uşaqların 94 faizi qızlardır.
Rəqəmlər göstərir ki, problem təkcə böyümür, həm də daha erkən yaş qruplarına yayılır. “TF1 Info” bu artımın qismən hüquq-mühafizə və sosial xidmətlərin daha yaxşı aşkarlama işi ilə bağlı olduğunu, amma hökumətin eyni zamanda “geri çəkilməyən, yenidən təşkil olunan seksual istismar” tendensiyasından narahat olduğunu yazır. 2024-cü ildə qeydə alınmış azyaşlı qurbanların sayı 659 idi; 2025-ci ilin göstəricisi bunun da üzərinə çıxıb.
Fransada ümumi fahişəlik sistemi ilə bağlı son rəsmi tematik icmal ölkədə təxminən 30–40 min nəfərin prostitusiya vəziyyətində olduğunu göstərir. Həmin rəsmi sənədə görə, polis və jandarma tərəfindən qeydə alınan proxenetizm və prostitusiyadan cinayət xarakterli istifadə qurbanlarının 94 faizi qadın və qızlardır.
Fransanın hüquqi modeli də sərt olaraq qalır. Prostitutisya vəziyyətində olan şəxsin özü cəzalandırılmır, amma müştəri cərimələnir: yetkin şəxs üzrə ilk pozuntuda 1500 avro, təkrarda isə 3750 avroya qədər cərimə nəzərdə tutulur. Azyaşlı və ya həssas şəxsin prostitusiyasından istifadə isə daha ağır cinayətdir: rəsmi sənədlərə görə əsas sanksiya 5 il həbs və 75 min avro cərimədir, ağırlaşdırıcı hallarda bu 7 il həbs və 100 min avroya, 15 yaşdan kiçik uşaqla bağlı hallarda isə daha da yuxarı qalxa bilir.