ABŞ-ın “Fox News” telekanalı Pakistan ordusunun rəhbəri Asim Munir barədə sərt tənqidi material dərc edib. Kanalın yazısında Munir ABŞ-İran təmaslarında əsas vasitəçilərdən biri kimi yox, İranın SEPAH strukturları ilə dərin əlaqələr qurmuş fiqur kimi təqdim olunur. Məqalədə iddia edilir ki, o, Pakistan hərbi kəşfiyyatına rəhbərlik etdiyi dövrdə İranın təhlükəsizlik aparatları ilə sıx təmaslarda olub və bu səbəbdən ABŞ prezidenti Donald Trampın ona etibar etməməli olduğu vurğulanır.
Bu iddialar fonunda Munirin real siyasi çəkisi də diqqət mərkəzindədir. “Reuters” yazır ki, Asim Munir 2022-ci ildən bəri Pakistanın ən güclü siyasi-hərbi fiqurlarından birinə çevrilib və son həftələrdə həm Vaşinqtonla, həm də Tehranla təmaslarda ölkənin əsas vasitəçi simalarından biri kimi önə çıxıb. Nəşrin məlumatına görə, Pakistan rəsmiləri, o cümlədən Munir, ABŞ və İran nümayəndələri arasında keçirilən gərgin təmaslarda tərəflər arasında əlaqəni qorumaqda iştirak ediblər.
Pakistanın vasitəçi kimi çıxış etməsi son günlər yenidən aktuallaşıb. İslamabad yeni danışıqlar raundu üçün platforma kimi müzakirə olunurdu, lakin İran tərəfi blokada davam etdiyi üçün hələlik Pakistana yeni nümayəndə heyəti göndərmək barədə qərar vermədiyini açıqlayıb. Bununla belə, Pakistan baş naziri Şahbaz Şərif ölkəsinin gərginliyin azaldılması və sülh vasitəçiliyi roluna sadiq qaldığını bəyan edib.
Sosial mediada paralel olaraq Pakistanın regiondakı rolu və İsrail mediasında ölkənin mümkün gələcək rəqib kimi müzakirə olunması barədə paylaşımlar da artır.