FIFA Dünya Kuboku final biletləri – AĞILALMAZ QİYMƏTLƏR

FIFA-nın rəsmi "resale" platformasında 2026-cı il Dünya Kuboku finalı üçün bəzi biletlər 2,3 milyon dollara qədər yüksəlib. Final üçün ən ucuz resale biletləri isə 10,923.85 dollardan başlayır.

8

2026-cı il futbol üzrə dünya çempionatının finalı üçün bilet qiymətləri ciddi müzakirə yaradıb. “Associated Press”-in məlumatına görə, FIFA-nın rəsmi “resale” platformasında final oyunu üçün dörd biletin hər biri təxminən 2,299,998.85 dollar qiymətinə siyahıya çıxarılıb. Oyun 19 iyulda Nyu-Cersidəki “MetLife Stadium”-da keçiriləcək və sözügedən yerlər aşağı sektorda, qapı arxasında yerləşir. 

Eyni mənbəyə görə, final üçün digər “resale” biletləri də çox bahadır: bir aşağı sektor bileti 207 min dollar, yuxarı mərtəbədə bir yer isə 138 min dollar civarında göstərilib. Platformada final üçün ən aşağı qiymətli “resale” biletləri isə 10,923.85 dollardan başlayıb.

Burada vacib detal budur ki, bu qiymətləri FIFA özü müəyyən etmir. “Resale” platformasında qiymətləri satıcılar təyin edir, FIFA isə həm alıcıdan, həm də satıcıdan 15 faiz komissiya tutur. Yəni 2,3 milyon dollarlıq satış baş tutsa, FIFA hər belə bilet üzrə ayrıca böyük komissiya gəliri əldə edəcək. Rəsmi “resale/exchange marketplace”-in mövcudluğu da FIFA-nın bilet sistemində ayrıca təsdiqlənir.

Bunun fonunda FIFA birbaşa satış kanalında da yeni bilet blokları açıb. Final üçün birbaşa satışda mövcud olan biletlərin qiyməti 10,990 dollar olub. Yəni hazırkı qalmaqal rəsmi nominal qiymətlərdən daha çox, FIFA-nın rəsmi “resale” sistemində görünən ifrat ikinci əl bazar qiymətləri ilə bağlıdır.