Fatih Altaylı azadlığa buraxıldı

Jurnalist Fatih Altaylı haqqında İstanbul Regional Ədliyyə Məhkəməsi tərəfindən azadlığa buraxılma qərarı verildi. Məhkəmə hökmü, cəzanın əsaslandırılması və son qərarın detalları.

73

Türkiyədə tanınmış jurnalist Fatih Altaylı barəsində İstanbul Regional Ədliyyə Məhkəməsi 2-ci Cinayət Palatası tərəfindən təxliyyə qərarı verilib. Altaylı “YouTube” platformasında yayımlanan proqramında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı hədəf alan və təhdid xarakterli ifadələr işlətdiyi iddiası ilə saxlanılmış və barəsində 4 il 2 ay azadlıqdan məhrumetmə cəzası hökmü çıxarılmışdı.

Qeyd edək ki, Fatih Altaylı haqqında 20 iyun tarixində şəxsi sosial media hesabında etdiyi yayımda Prezident Ərdoğana ünvanlanan açıqlamalarına görə istintaq başlanmış, sonradan iş məhkəməyə göndərilmişdi. İstanbul 26-cı Ağır Cinayət Məhkəməsi tərəfindən açıqlanan əsaslandırılmış qərarda bildirilib ki, təqsirləndirilən şəxsin “Prezidentə qarşı təhdid” cinayətini törətməsi, cinayətin icra üsulu, mövzunun əhəmiyyəti, hadisənin baş verdiyi yer və zaman, eləcə də qəsdən törədilmiş əməlin ağırlığı nəzərə alınaraq cəzanın alt həddindən bir qədər yuxarı müəyyən edilməsi məqsədəuyğun hesab edilib.

Məhkəmə qərarında Altaylının əməlinin Prezidentə qarşı digər fiziki hücum kateqoriyası çərçivəsində qiymətləndirildiyi, bu səbəbdən cəzanın artırıldığı və müvafiq maddəyə əsasən veriləcək cəzanın 5 ildən az ola bilməyəcəyi vurğulanıb. Eyni cinayətin müxtəlif vaxtlarda bir neçə dəfə törədildiyi əsas gətirilərək 1/4 nisbətində əlavə artırma tətbiq edildiyi və nəticədə Altaylının 5 il 2 ay 15 gün həbs cəzasına məhkum edildiyi qeyd olunub.

Qərarda həmçinin göstərilib ki, “Prezidentə qarşı təhdid” cinayəti üzrə ilkin olaraq 1 il həbs cəzası təyin edilsə də, əməlin ağırlaşdırıcı hal kimi qiymətləndirilməsi nəticəsində bu cəza 1 il 6 aya yüksəldilib. Lakin qanunvericiliyin tələblərinə əsasən cəzanın minimum 5 il olması şərti nəzərə alınaraq yekun cəza 5 il həbs kimi müəyyənləşdirilib. Daha sonra təqsirləndirilən şəxsin gələcək həyatına mümkün təsirləri nəzərə alınaraq 1/6 nisbətində endirim tətbiq edilib və cəza 4 il 2 ay həbs cəzasına endirilib.

Altaylının istintaq və həbsdə keçirdiyi müddətlərin cəzadan çıxılması qərara alınıb. Buna baxmayaraq, məhkəmə əvvəlki mərhələdə cəzanın müddəti və miqdarı nəzərə alınaraq qaçma ehtimalının mövcud olduğunu, məhkəmə nəzarəti tədbirlərinin yetərli sayılmadığını əsas gətirərək həbs qətimkan tədbirinin ölçülü olduğu qənaətinə gəlmişdi.

Son olaraq isə İstanbul Regional Ədliyyə Məhkəməsi 2-ci Cinayət Palatası apellyasiya baxışı nəticəsində Fatih Altaylı barəsində azadlığa buraxılma qərarı verib.