Yalovada İŞİD-ə qarşı əməliyyat: 3 polis şəhid oldu, 9 terrorçu məhv edildi

Türkiyənin Yalova şəhərində İŞİD terror təşkilatına qarşı keçirilən əməliyyat zamanı 7 polis yaralanıb. Hadisə ilə bağlı yayıma müvəqqəti qadağa qoyulub, rəsmi qurumlar dezinformasiyaya qarşı xəbərdarlıq edib.

47

Türkiyənin Yalova şəhərində terror təşkilatı İŞİD-ə qarşı başladılan əməliyyat davam edir. İl Əmniyyət Müdirliyinin əməkdaşları mərkəzə bağlı Elmalık kəndi yolunda yerləşən bir ünvana xüsusi əməliyyat keçiriblər.

Əməliyyat zamanı silahlı qarşıdurma baş verib, nəticədə 3 polis əməkdaşı şəhid olub, 8 polis və bir nəfər gözətçi yaralanıb. Yaralı polislər xəstəxanaya yerləşdirilib, onların sağlamlıq vəziyyətlərinin yaxşı olduğu bildirilib. Əməliyyat zamanı 9 nəfər terrorçu zərərsizləşdirilib, 5 nəfər saxlanılıb.

Əməliyyata Bursadan cəlb olunan xüsusi təyinatlı polis dəstələri də dəstək verir. Ərazi ətrafında geniş təhlükəsizlik tədbirləri görülüb, əməliyyat nəzarət altında davam etdirilir.

Türkiyənin Radio və Televiziya Üst Qurumu (RTÜK) sosial şəbəkə hesabı vasitəsilə açıqlama yayaraq bildirib ki, Yalova Sülh Cəza Hakimliyi tərəfindən əməliyyatla bağlı müvəqqəti yayıma qadağa qoyulub.

Açıqlamada qeyd olunub ki, proseslə bağlı yalnız rəsmi qurumların açıqlamalarına yer verilməlidir və media subyektləri mövcud qanunvericiliyə uyğun olaraq məsuliyyətli yayım prinsiplərinə əməl etməlidir.

Prezident Administrasiyasının Kommunikasiya İdarəsi yanında fəaliyyət göstərən Dezinformasiya ilə Mübarizə Mərkəzi (DMM) də məsələ ilə bağlı açıqlama yayıb. Bildirilib ki, Yalovadakı əməliyyatla bağlı sosial media və digər platformalarda reallığa uyğun olmayan, təsdiqlənməmiş və ictimaiyyəti çaşdırmağa yönəlmiş paylaşımlar aşkar edilib.

Açıqlamada vurğulanıb ki, bütün aidiyyəti dövlət qurumları vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə koordinasiyalı və qətiyyətli şəkildə fəaliyyət göstərir. İctimaiyyətə yalnız rəsmi mənbələrə etibar etmək və ictimai asayişi pozmağa yönəlmiş dezinformasiyalara aldanmamaq çağırışı edilib.