Suriya Prezidenti Əhməd əş-Şaraa BMT Baş Assambleyasının 81-ci sessiyasında ölkəsinin müharibədən sonrakı bərpa mərhələsinə keçdiyini açıqlayıb. O, İsrailin Suriyaya hərbi müdaxilələrini tənqid edərək Qolan təpələrinin Suriya ərazisi olaraq qalacağını bəyan edib.
“Ötən il Suriyanın geri qayıtdığını demişdim. Bu gün isə deyirəm: Suriya ayağa qalxır”, – deyə Prezident vurğulayıb.
“Əl-Cəzirə”nin məlumatına görə, Əş-Şaraa ölkədə dövlət institutlarının yenidən qurulduğunu və 3,5 milyondan çox qaçqın və məcburi köçkünün öz yaşayış yerlərinə qayıtdığını bildirib.
Suriya liderinin sözlərinə görə, 100-dən çox ölkə Dəməşqlə əlaqələr qurmağa başlayıb, 4 minə yaxın diplomatik təmas həyata keçirilib və paytaxtda 60-dan çox diplomatik missiya fəaliyyət göstərir. O, beynəlxalq sanksiyaların aradan qaldırılmasını və Avropa İttifaqı ilə əməkdaşlığın genişlənməsini ölkənin bərpası baxımından mühüm addımlar kimi qiymətləndirib.
Əş-Şaraa çıxışında İsrailin hərbi əməliyyatlarına da toxunub. Onun iddiasına görə, 2024-cü ilin dekabrından bəri İsrail Suriyaya təxminən 500 hava və artilleriya zərbəsi endirib, 1200-dən çox hərbi müdaxilə həyata keçirib və 300-ə yaxın suriyalını saxlayıb.
“Dünya bizim geri qayıtmağımıza sevinir, İsrail isə Suriyaya zərbələr endirir. Bu, artıq keçmişdə qaldığını düşündüyümüz dövrü xatırladır”, – deyə o bildirib.
Suriya Prezidenti İsrail qoşunlarının 2024-cü il dekabrın 8-dən əvvəlki mövqelərinə geri çəkilməsini tələb edib və Dəməşqin 1974-cü ildə imzalanmış qüvvələrin ayrılması haqqında razılaşmaya sadiq qaldığını vurğulayıb.
“Qolan təpələri Suriya ərazisi olaraq qalacaq. İlhaqla bağlı bütün qərarlar BMT Təhlükəsizlik Şurasının 497 saylı qətnaməsinə əsasən etibarsızdır”, – deyə Əş-Şaraa bildirib.
Qeyd edək ki, İsrail 1967-ci ildə Qolan təpələrinin böyük hissəsini ələ keçirib, 1981-ci ildə isə həmin əraziyə öz qanunvericiliyini tətbiq edib. BMT Təhlükəsizlik Şurası bu qərarı beynəlxalq hüquqi qüvvəsi olmayan addım kimi qiymətləndirib.
Əş-Şaraa çıxışının sonunda Suriyanın suverenliyinin qorunacağını vurğulayaraq regionda ədalətli sülhün əldə olunması üçün imkanların hələ də mövcud olduğunu bildirib.