Ermənistanda Baş nazir və on ali ruhaninin 5 yanvar tarixində imzaladığı Erməni Apostol Kilsəsinin islahatı ilə bağlı bəyanata dəstək verən din xadimlərinin sayı artmaqda davam edir.
Son olaraq keşiş Aşot Safaryan bəyan edərək bildirib ki, Erməni Apostol Müqəddəs Kilsəsində islahatların aparılmasını alqışlayır və Ermənistan Respublikasının baş naziri ilə on yepiskopun qəbul etdiyi təşəbbüsə qoşulur. İslahatlara dəstək verənlər arasında ata Varfolomey Hakopyan da var; o, çıxışında kilsənin siyasətdən uzaqlaşaraq öz ilkin missiyasına – mənəvi təbliğata və pastor xidmətinə qayıtmalı olduğunu vurğulayıb və bunun yalnız dərin islahatlar yolu ilə mümkün olacağını bildirib.
Eyni zamanda, Ter Ararat Ordoýan, Ter Mkrtiç (Muşadyan), Ter Maştos Stepanyan, keşiş Ter Partef Muradyan, Ter Ovanes Matveosyan və Ter Anuşavan Koşetsyan da Erməni Apostol Kilsəsində islahat prosesini dəstəklədiyini açıqlayaraq müvafiq təşəbbüsə qoşulduğunu bəyan edib. Bununla yanaşı, bəyanatı dəstəkləyən din xadimləri sırasına daha bir qrup ruhaninin qatıldığı bildirilib. Belə ki, əvvəllər ata Vazgen kimi tanınan Rafael Petrosyan, eləcə də diakonlar Razmik Petrosyan və Ruben Petrosyan Ermənistanın baş naziri və on yepiskop tərəfindən qəbul edilmiş islahat bəyanatını dəstəklədiklərini və rəsmi şəkildə bu təşəbbüsə qoşulduqlarını açıqlayıblar.
Bununla da, Erməni Apostol Kilsəsinin islahatı ilə bağlı təşəbbüsə açıq dəstək verən ruhanilərin sayı daha da artaraq kilsə daxilində gedən proseslərin geniş miqyas aldığını göstərir. Qeyd olunur ki, islahat təşəbbüsü kilsənin idarəçilik sisteminin yenilənməsi, onun cəmiyyətdəki rolunun gücləndirilməsi, mənəvi dəyərlərin bərpası və kilsənin siyasi proseslərdən kənarda saxlanılması məqsədlərini daşıyır. Bu proses fonunda kilsə daxilində və erməni cəmiyyətində müzakirələr davam edir və islahatların gələcək mərhələlərinin necə həyata keçiriləcəyi diqqətlə izlənilir.