Entoni Teylor hakimlik karyerasını başa vurdu

İngiltərəli futbol hakimi Entoni Teylor 47 yaşında peşəkar karyerasını başa vurduğunu açıqlayıb. Onun son idarə etdiyi oyun dünya çempionatının Portuqaliya–İspaniya görüşü olub.

10

İngiltərənin tanınmış futbol hakimlərindən Entoni Teylor 47 yaşında elit səviyyədə hakimlik karyerasını başa vurduğunu açıqlayıb.

MSNews.az xəbər verir ki, Premyer Liqanın rəsmi məlumatına əsasən, Teylor 20 ildən çox davam edən karyerası ərzində ümumilikdə 831 qarşılaşmada hakimlik edib. Sosial mediada yayılan məlumatdakı 668 rəqəmi onun bütün karyerasına deyil, İngiltərənin peşəkar futbol yarışlarında idarə etdiyi oyunların sayına aiddir.

İngiltərəli hakimin son təyinatı ABŞ-da keçirilən 2026-cı il dünya çempionatının 1/8 final mərhələsində Portuqaliya və İspaniya arasında baş tutan qarşılaşma olub. İspaniya həmin görüşdə Portuqaliyaya 1:0 hesabı ilə qalib gəlib.

“Reuters” yazır ki, Teylor elit hakimliyin yaratdığı yüksək təzyiq və daimi ictimai nəzarəti qərarının əsas səbəblərindən biri kimi göstərib. O, karyerasının yeni mərhələsinə keçmək üçün doğru vaxtın çatdığını bildirib.

Teylor 16 mövsüm ərzində İngiltərə Premyer Liqasında 432 oyun idarə edib. O, iki İngiltərə Kuboku finalında, Liqa Kubokunun finalında, UEFA Avropa Liqasının finalında, UEFA Millətlər Liqasının finalında və UEFA Çempionlar Liqasının yarımfinal qarşılaşmasında baş hakim olub.

Hakim 14 il FIFA-nın beynəlxalq siyahısında yer alıb, 2022 və 2026-cı illərin dünya çempionatlarında, həmçinin AVRO-2020 və AVRO-2024 turnirlərində fəaliyyət göstərib. Onun beynəlxalq səviyyədə idarə etdiyi oyunların sayı 163 olub.

“The Guardian” Teyloru İngiltərə futbolunun ən təcrübəli və uğurlu hakimlərindən biri kimi qiymətləndirib. Peşəkar Hakimlər Təşkilatının rəhbəri Hovard Uebb də onun həm yerli, həm də beynəlxalq futbola mühüm töhfə verdiyini bildirib.