Rusiya Dövlət Duması prezidentə silahlı qüvvələrdən xaricdə istifadə etmək üçün əlavə hüquqi əsas verən qanun layihəsini birinci oxunuşda qəbul edib.
MSNews.az “RBK”-ya istinadən xəbər verir.
Rusiya mediasının yaydığı məlumata görə, layihə xarici məhkəmələrin və ya digər dövlətlər tərəfindən səlahiyyət verilmiş qurumların qərarı ilə rusiyalıların həbs edildiyi, saxlanıldığı və ya cinayət təqibinə məruz qaldığı halları əhatə edir. Qanun layihəsi hökumət tərəfindən təqdim olunub və prezidentin qərarı ilə dövlət orqanlarının, o cümlədən silahlı qüvvələrin bu məqsədlə cəlb olunmasına imkan yaradır.
Dumanın Müdafiə komitəsinin sədri Andrey Kartapolov layihəni “Rusiya vətəndaşlarının hüquq, azadlıq və qanuni maraqlarının qorunması”, həmçinin “xarici qanunsuz təcavüzlər” və “rusofobiya kampaniyasına” qarşı tədbir kimi təqdim edib. Bu formulasiya rusiyalıların bəzi xarici məhkəmə və ya hüquq-mühafizə qərarlarının siyasi motivli hesab edildiyi hallara aid edilir.