ABŞ-ın məşhur pizza şəbəkəsi “Domino’s” 2026-cı ilin yayındakı böyük futbol turniri ilə bağlı qeyri-adi kampaniya elan edib. Şirkətin rəsmi açıqlamasına görə, əgər ABŞ millisinin hər hansı futbolçusu turnir zamanı qırmızı vərəqə alarsa, Domino’s azarkeşlərə ümumilikdə 1 milyon dollar dəyərində “Emergency Pizza” paylayacaq.
Kampaniyanın şərtlərinə əsasən, iştirak etmək istəyən müştərilər iyunun 10-u saat 23:59-dək “Domino’s”-un xüsusi səhifəsində qeydiyyatdan keçməlidirlər. ABŞ yığmasının futbolçularından biri qırmızı vərəqə alarsa, şirkət təsadüfi seçim yolu ilə 60 mindən çox qalibə orta ölçülü, iki əlavəli pulsuz pizza təqdim edəcək. Qaliblər “Domino’s Rewards” proqramına qoşulmalı və pizzanı avqustun 2-dək istifadə etməlidirlər.
“Domino’s”-un marketinq üzrə icraçı vitse-prezidenti Keyt Trambull bildirib ki, qırmızı vərəqə azarkeşlər üçün oyunda baş verə biləcək ən ağır məqamlardan biridir və şirkət belə vəziyyətdə fanatlara “kiçik təsəlli” vermək istəyir. Şirkət kampaniya çərçivəsində həmçinin “Saturdays Football” ilə birgə xüsusi futbol geyimləri və aksessuarlar kolleksiyası təqdim edib.
Qırmızı vərəqə mövzusu ABŞ millisinin mundial tarixində nadir hadisə hesab olunur. Bəzi paylaşımlarda bu sayın üç olduğu qeyd edilsə də, açıq statistik mənbələrə əsasən, ABŞ millisinin dünya çempionatları tarixində ən azı dörd futbolçusu meydandan qovulub: Erik Vaynald 1990-cı ildə Çexoslovakiya ilə oyunda, Fernando Klavixo 1994-cü ildə Braziliyaya qarşı matçda, Pablo Mastroeni və Eddi Poup isə 2006-cı ildə İtaliya ilə qarşılaşmada qırmızı vərəqə alıblar. ABŞ Futbol Federasiyası Vaynaldın 1990-cı ildə dünya çempionatında qırmızı vərəqə alan ilk ABŞ futbolçusu olduğunu, 2006-cı ildə isə Mastroeni və Poupun İtaliyaya qarşı oyunda meydandan qovulduğunu yazır.
Beləliklə, “Domino’s”-un kampaniyası həm futbol azarkeşləri, həm də marketinq baxımından diqqətçəkən addım kimi qiymətləndirilir. ABŞ millisinin oyunlarında intizam pozuntusu baş verərsə, bu dəfə qırmızı vərəqə təkcə komanda üçün problem yox, minlərlə azarkeş üçün pulsuz pizza fürsəti də olacaq.