Çin qabaqcıl süni intellekt modellərinin inkişaf tempinin azaldılması ilə bağlı çağırışlara qarşı çıxaraq, “qorxu yaratmağın, qarşıdurmanın və amansız rəqabətin” qlobal süni intellekt idarəçiliyinə zərər vuracağını bildirib.
MSNews.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Qo Tszyakun Pekində keçirilən brifinqdə danışıb. Nazirliyin rəsmi stenoqramına görə, açıqlama Anthropic şirkətinin baş direktoru Dario Amodeinin süni intellektin inkişafının yavaşladılması ilə bağlı təklifləri barədə suala cavab olaraq verilib.
“Qorxu yaratmaq, qarşıdurma və amansız rəqabət yalnız sağlam qlobal süni intellekt idarəçiliyinə yönəlmiş səylərə mane olacaq və bu, heç kimin maraqlarına xidmət etmir”, – Qo Tszyakun bildirib.
O əlavə edib ki, süni intellekt bütün bəşəriyyətin rifahına təsir edən mühüm texnologiyadır və tərəflər onun açıq, inklüziv və hamının faydalana biləcəyi istiqamətdə inkişafını təşviq etməlidirlər.
“Bloomberg” yazır ki, Pekinin reaksiyası Amodeinin qabaqcıl süni intellekt sistemlərinin imkanlarının artırılması tempinin azaldılmasını təklif etməsindən sonra gəlib. Anthropic rəhbəri mövcud təhlükəsizlik mexanizmlərinin texnologiyanın sürətli inkişafı ilə ayaqlaşmadığını bildirib. Onun mövqeyinin bəzi hissələri “OpenAI” rəhbəri Sem Altman və “xAI” rəhbəri İlon Mask tərəfindən də dəstəklənib.
Amodei eyni zamanda ABŞ və digər demokratik ölkələrin süni intellekt sahəsində Çin üzərində texnoloji üstünlüyünü qorumasını, qabaqcıl çiplərin Çinə ixracına nəzarətin sərtləşdirilməsini müdafiə edib. Pekin isə süni intellekt sahəsində geosiyasi qarşıdurmaya əsaslanan yanaşmanın qlobal əməkdaşlığa mane olduğunu bildirir.
Çinin mövqeyi ölkənin süni intellekt risklərini tamamilə rədd etməsi anlamına gəlmir. Pekin son illərdə süni intellekt sistemlərinin təhlükəsizliyi, insan nəzarətinin saxlanılması və kibertəhlükəsizlik riskləri ilə bağlı tənzimləmələri gücləndirib. Çin XİN də süni intellektin ölkənin kibertəhlükəsizlik qanunvericiliyinin nəzarət dairəsinə daxil edildiyini açıqlayıb.