Çin alimləri özünü bərpa edən canlı parça hazırlayıblar

Çin alimləri Cordyceps militaris göbələyinin canlı miselindən zədələndikdən sonra yenidən böyüyərək özünü bərpa edə bilən eksperimental tekstil materialı hazırlayıblar.

52

Çin alimləri Cordyceps militaris göbələyinin canlı miselindən zədələndikdən sonra yenidən böyüyərək özünü bərpa edə bilən eksperimental tekstil materialı hazırlayıblar. Texnologiya gələcəkdə daha davamlı və bioloji parçalana bilən məhsulların yaradılmasına imkan verə bilər.

MSNews.az xəbər verir ki, tədqiqat Çin Elmlər Akademiyasının Şençjen Qabaqcıl Texnologiyalar İnstitutunun alimləri tərəfindən aparılıb. Nəticələr “Science Advances” jurnalında “A programmable fungal platform for engineered living textiles” adlı məqalədə dərc olunub.

Alimlər əvvəlcə Cordyceps militaris göbələyini maye qida mühitində yetişdirərək bir-birinə dolaşmış misel liflərindən ibarət kiçik qranullar əldə ediblər. Qranullar qəliblərə yerləşdirilib və aşağı temperaturda qurudularaq vahid nazik təbəqəyə çevrilib. Materialın kövrəkliyini azaltmaq üçün ona qliserin əlavə edilib. Nəticədə qatlanması, kəsilməsi və tikilməsi mümkün olan elastik material əldə olunub.

Yeni materialın ən diqqətçəkən xüsusiyyətlərindən biri özünü bərpa etməsidir. Böyük cırıq və ya boşluq yarandıqda həmin hissəyə təzə misel qranulları yerləşdirilir və uyğun nəmlik yaradılır. Canlı göbələk lifləri yenidən böyüyərək boşluğu birləşdirir və materialın strukturunu bərpa edir.

Tədqiqatçılar texnologiyanı nümayiş etdirmək üçün müxtəlif rəng və funksiyalara malik misel təbəqələrindən geyim prototipi də hazırlayıblar. Materialın səthindəki mikroskopik göbələk lifləri suyu dəf etdiyindən o, müəyyən dərəcədə özünü təmizləmə qabiliyyətinə də malikdir. Təcrübələrdə su ilə təmas bucağı təxminən 145 dərəcə olub.

Materialın digər üstünlüyü bioloji parçalana bilməsidir. “Phys.org”un araşdırmaya istinadən məlumatına görə, sınaq üçün torpağa basdırılan nümunə 41 gün ərzində demək olar tamamilə parçalanıb.

Bununla belə, texnologiya hələ ilkin laboratoriya mərhələsindədir. Alimlər materialın gündəlik geyim kimi uzunmüddətli istifadəsini, yuyulmaya və aşınmaya davamlılığını hələ nümayiş etdirməyiblər. Hazırkı mərhələdə onun bioloji parçalana bilən qablaşdırma, qısamüddətli tekstil məhsulları və dizayn materialları üçün daha uyğun olduğu bildirilir.