Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov AXCP sədri Əli Kərimlinin həbsi ilə bağlı suala cavab verərək hər kəsin qanun qarşısında bərabər olduğunu və hüquqi məsuliyyət daşımalı olduğunu bildirib.
MSNews.az xəbər verir ki, nazir bu barədə noyabrın 18-də Bakıda Almaniyanın xarici işlər naziri Yohan Vadefulla birgə mətbuat konfransında “Politico” nəşrinin jurnalistinin sualını cavablandırarkən danışıb.
Bayramov bildirib ki, müxalifət nümayəndəsi olmaq heç kimi hüquqi məsuliyyətdən azad etmir.
“Hər bir hüquqi dövlətdə olduğu kimi, hər bir şəxs öz etdiyi əməllərə görə qanun qarşısında bərabərdir, qanun qarşısında cavab verməlidir”, – deyə nazir vurğulayıb.
XİN rəhbərinin sözlərinə görə, Əli Kərimli ilə bağlı hüquqi proses Azərbaycan qanunvericiliyinə uyğun aparılır və yekun qərarı məhkəmə verəcək.
“Düşünürəm ki, bu, nəinki Azərbaycanda, o cümlədən Almaniyada və dünyanın digər dövlətlərində də belədir”, – deyə Bayramov əlavə edib.
Nazir hüquqi məsuliyyətin şəxsin siyasi mənsubiyyətindən asılı olmadığını xüsusi vurğulayıb.
Qeyd edək ki, Əli Kərimli dövlət hakimiyyətinin zorla ələ keçirilməsi ilə bağlı ittiham üzrə təqsirləndirilir. O, ittihamı rədd edir. İş üzrə məhkəmə prosesi noyabrın 3-də başlayıb və yekun hökm hələ açıqlanmayıb.