Cənubi Koreyada sabiq baş nazir 23 il həbsə məhkum edildi

Seul Mərkəzi Məhkəməsi sabiq baş nazir Han Dok Sunu hərbi vəziyyətə cəhd və qiyam işi üzrə 23 il həbs cəzasına məhkum etdi. Prokurorluğun tələbindən daha ağır hökm çıxarıldı.

21

Cənubi Koreyanın paytaxtı Seulda yerləşən Mərkəzi Dairə Məhkəməsi ölkənin sabiq baş naziri Han Dok Sunu hərbi vəziyyətin tətbiqinə cəhdlə bağlı qiyam işi üzrə 23 il müddətinə azadlıqdan məhrum edib.

Məhkəmə hökmü sabiq prezident Yun Sok Yolun hakimiyyəti dövründə hərbi vəziyyətin elan edilməsinə yönəlmiş təşəbbüslərlə əlaqədar aparılan istintaq çərçivəsində çıxarılıb.

Məhkəmənin qərarına əsasən, Han Dok Su qiyamın əsas mərhələlərində iştirak etməkdə, baş təşkilatçıya yardım göstərməkdə, rəsmi sənədləri saxtalaşdırmaqda, prezident arxivləri haqqında qanunu pozmaqda, rəsmi sənədləri gizlətmək və ya məhv etməkdə, eləcə də məhkəmədə yalan ifadə verməkdə təqsirli bilinib.

Diqqətçəkən məqam ondan ibarətdir ki, prokurorluq sabiq baş nazir üçün 15 il həbs cəzası tələb etsə də, məhkəmə daha ağır hökm çıxararaq 23 il həbs cəzası təyin edib. Bu qərar ölkənin siyasi tarixində son illərin ən sərt məhkəmə hökmü kimi qiymətləndirilir.