Bu gün “Qarabağ” FK “Ayntraxt” klubunu qəbul edir

UEFA Çempionlar Liqasında Qarabağ bu gün Frankfurt Ayntraxtını qəbul edir. Oyun saat 21:45-də Tofiq Bəhramov stadionunda keçiriləcək.

107

UEFA Çempionlar Liqasının liqa mərhələsinin yeddinci turunda Avropada yeganə təmsilçimiz olan Ağdamın “Qarabağ” klubu bu gün Almaniyanın adlı-sanlı komandalarından biri – Frankfurt “Ayntraxt”ını qəbul edəcək.

Bakı vaxtı ilə saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək qarşılaşma turnir cədvəli baxımından hər iki komanda üçün böyük əhəmiyyət daşıyır. Matçı isveçrəli hakim Sandro Şarer idarə edəcək. Ona həmyerliləri Stefan De Almeyda və Yonas Erni kömək edəcək. Dördüncü hakim funksiyasını Yohannes fon Mandak yerinə yetirəcək. VAR-da Fedayi San, AVAR-da Lukas Fendrix əyləşəcəklər.

Hazırda 7 xalla 25-ci pillədə qərarlaşan “köhlən atlar” doğma azarkeşlər önündə qələbə qazanaraq pley-off mərhələsinə iddialarını gücləndirmək niyyətindədir. Turnir cədvəlində 4 xalla 33-cü pillədə yer alan “Ayntraxt” isə Bakı səfərindən maksimum nəticə ilə dönməyi hədəfləyir. Qarşılaşmanın nəticəsi hər iki komandanın Avropa macərasının taleyinə birbaşa təsir göstərəcək.

Hər iki komandanın ilk 11-liyi belədir:

“Qarabağ”: 99. Mateuş Koxalski, 2. Mateus Silva, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 8. Marko Yankoviç, 35. Pedro Bikalyo, 9. Joni Montiel, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 17. Kamillo Duran

“Ayntraxt”: 40. Kaua Santos, 3. Artur Teate, 4. Robin Koç (k), 21. Nataniel Braun, 15. Ellies Şkiri, 7. Ansqar Knauff, 13. Rasmus Kristensen, 16. Huqo Larsson, 20. Ritsu Doan, 34. Nnamdi Kollins, 42. Can Uzun