“Əl-Qaidə”nin qurucusu Üsamə bin Ladenin oğullarından Ömər bin Laden atasının militant dünyasından uzaqlaşaraq həyatını rəssamlıq, atlar və təbiətlə bağlayıb. Onun Amerika Qərbinə, kantri musiqisinə və klassik vestern filmlərinə marağı son günlər sosial şəbəkələrdə yenidən diqqət çəkib.
MSNews.az xəbər verir ki, “International Business Times” Ömər bin Ladenin həyat hekayəsini 11 sentyabr hücumlarının 25-ci ildönümü ərəfəsində yenidən gündəmə gətirib. Səudiyyə Ərəbistanında doğulan Ömər uşaqlığının bir hissəsini Sudan və Əfqanıstanda keçirib. O, daha sonra atasının fəaliyyətindən uzaqlaşdığını və 18 yaşında onun yolunu tərk etdiyini bildirib.
Rəssamlığa marağı isə daha erkən başlayıb. Ömər xatırlayıb ki, təxminən 7 yaşında atasının fermasında saxlanılan atların şəkillərini çəkirdi. Həmin rəsmlərdən birinin məktəbin divarından asılması onun uşaqlıqdan xatırladığı ən xoş anlardan biri olub.
Ömər rəssamlığa illər sonra Fransada yaşayarkən daha ciddi şəkildə qayıdıb. COVID-19 pandemiyası zamanı həyat yoldaşının təşviqi ilə yenidən fırçaya sarılıb və atlar, səhralar, Nil çayı, dağlar və Amerika Qərbinin mənzərələrini təsvir edən əsərlər yaradıb. 2022-ci ildə onun təxminən 30 əsəri Fransanın Normandiya bölgəsində sərgilənib.
Onun ABŞ mədəniyyətinə marağı da diqqət çəkir. “VICE”-a verdiyi müsahibədə Ömər köhnə vestern filmlərini sevdiyini və kovboylara xüsusi rəğbət bəslədiyini söyləyib. O, yeniyetməlik illərində Əfqanıstanda radio vasitəsilə kantri və vestern musiqisi ilə tanış olub. Sevdiyi filmlər arasında Klint İstvudun baş rolda çəkildiyi “Unforgiven” də var.
Ömərin rəsmlərində Amerika Qərbinin geniş səhraları və kovboy motivləri tez-tez görünür. Bu, atasının ABŞ-a qarşı radikal mövqeyi ilə kəskin ziddiyyət təşkil edən şəxsi maraq kimi diqqət çəkir. Ömər daha əvvəl zorakılığı və mülki şəxslərə hücumları qəbul etmədiyini də açıq şəkildə bildirib.
Onun Fransadakı həyatı isə sonradan dəyişib. “Associated Press”-in məlumatına görə, Fransa hakimiyyəti 2023-cü ildə sosial şəbəkə paylaşımlarını terrorçuluğa rəğbət kimi qiymətləndirərək onun yaşayış icazəsini ləğv edib və ölkəni tərk etməsini tələb edib. Ömər bu ittihamlarla razılaşmayıb. 2024-cü ildə onun Fransaya qayıtmasına əlavə qadağa tətbiq olunub və həmin vaxt Qətərdə yaşadığı bildirilirdi.