Belçika Baş naziri De Veber: “ABŞ güclü ola bilər, amma biz kölə deyilik”

Belçika Baş naziri Bart De Veber Davosdan geri qayıdarkən ABŞ və Avropa münasibətlərinə toxunaraq, “mənliyimiz satılıq deyil, kölə deyilik” bəyanatı ilə diqqət çəkdi.

22

Belçika Baş naziri Bart De Veber İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu toplantılarından qayıtdıqdan sonra Belçika Parlamentində çıxış edərək ABŞ və Avropa münasibətləri ilə bağlı sərt və diqqətçəkən açıqlamalar verib.

De Veber ABŞ-ın Qrenlandiya ilə əlaqələrinə toxunaraq, regionun “əsl fəlakətin astanasından döndüyünü” bildirib.

Baş nazir çıxışı zamanı “ABŞ güclü ola bilər, amma bizim də mənliyimiz satılıq deyil, biz kölə deyilik” ifadəsini xüsusi vurğulayıb. O, Avropanın baş verənlərdən lazımi dərslər çıxarmalı olduğunu qeyd edərək, hələlik hərbi və ticarət məhdudiyyətləri ilə bağlı təhdidlərin aradan qaldırıldığını bildirib.

Yeni bir ticarət müharibəsinin heç kəsə fayda gətirməyəcəyini deyən De Veber, ideal şəraitdə Avropa ilə ABŞ arasında münasibətlərin güclü qalmasının arzuolunan olduğunu, lakin dünyanın ideal vəziyyətdə yaşamadığını diqqətə çatdırıb. Onun sözlərinə görə, avropalılar çətin və fırtınalı dövrlərə hazır olmalıdır.

Belçika Baş naziri Avropanın hərbi sahədə yenidən öz ayaqları üzərində dayanmasının vacibliyini vurğulayaraq, qitənin daha qətiyyətli və müstəqil mövqe sərgiləməsinin zəruri olduğunu qeyd edib.