Beka Liluaşvili siyasətdən getdi

“Qaxariya – Gürcüstan üçün” partiyasının liderlərindən Beka Liluaşvili siyasətdən getdiyini açıqladı. Partiya lideri Giorgi Qaxariya isə ölkədən kənarda qalmaqda davam edir.

30

Gürcüstanın müxalif “Qaxariya – Gürcüstan üçün” partiyasının liderlərindən biri Beka Liluaşvili siyasətdən getdiyini açıqlayıb.

Liluaşvili bu barədə sosial şəbəkələrdə paylaşım edərək, fəaliyyətini biznes sahəsində davam etdirəcəyini bildirib. Onun sözlərinə görə, bundan sonra diqqətini özəl sektora yönəldəcək:

“Peşəkar fokusum artıq özəl sektordadır: texnologiyalar, rəqəmsal transformasiya, maliyyə və iqtisadiyyat.”

Partiyanın lideri, Gürcüstanın sabiq baş naziri Giorgi Qaxariya isə Liluaşvilinin qərarı ilə bağlı hələlik hər hansı açıqlama verməyib. Qaxariya bir neçə aydır Gürcüstanı tərk edib və həbs olunmaqdan ehtiyat etdiyi bildirilir.

O, Gürcüstanın daxili işlər naziri olduğu dövrdə vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə qiyabi şəkildə məsuliyyətə cəlb olunub. Gürcüstan hüquq-mühafizə orqanlarının irəli sürdüyü ittihamlara əsasən, Qaxariyanı 13 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.