Bəhreyndə 57-si din xadimi olmaqla 64 şiə müsəlmana ömürlük həbs cəzası verildi

Bəhreynin Ali Cinayət Məhkəməsi İranın SEPAH təşkilatı ilə əlaqədə ittiham olunan 64 nəfəri ömürlük, daha 5 nəfəri isə 15 il müddətinə azadlıqdan məhrum edib. İnsan hüquqları təşkilatları məhkəmə prosesində ciddi qanun pozuntularının olduğunu bildirirlər.

50

Bəhreynin Ali Cinayət Məhkəməsi İranla əlaqədə və konstitusiya quruluşunu devirməyə cəhddə ittiham olunan 64 şiə müsəlmanı ömürlük həbs cəzasına məhkum edib. Məhkum edilənlərdən 57-si din xadimidir. Eyni cinayət işi üzrə daha beş nəfərə 15 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

MSNews.az xəbər verir ki, məhkəmə qərarı noyabrın 16-da qəbul edilib. Bu barədə “Naharnet” nəşri Fransanın AFP agentliyinə istinadən məlumat yayıb.

BIRD-in məlumatına görə, kütləvi cinayət işi üzrə ümumilikdə 69 nəfər mühakimə olunub. Onların hamısı təqsirli bilinib.

Ömürlük həbs cəzasına məhkum edilənlər arasında Bəhreynin şiə icmasının nüfuzlu ruhani lideri Şeyx İsa Qasim də var. 2018-ci ildən İranda yaşayan İsa Qasim haqqında hökm qiyabi çıxarılıb. Məhkum edilənlər arasında digər tanınmış şiə din xadimləri də yer alır.

Bəhreyn prokurorluğunun mövqeyinə əsasən, təqsirləndirilən şəxslər İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli olduğu iddia edilən terror təşkilatının fəaliyyətində iştirak ediblər.

İttihamlara görə, qrupun məqsədi ölkənin konstitusiya quruluşunu dəyişdirmək və mövcud idarəetmə sistemini devirmək olub. Prokurorluq dini toplantıların və məscidlərin bu məqsədlərlə istifadə edildiyini də iddia edib.

Bəhreyn Hüquq və Demokratiya İnstitutu məhkəmə hökmünü tənqid edərək proses zamanı ciddi hüquq pozuntularına yol verildiyini bildirib.

Təşkilatın məlumatına görə, bəzi təqsirləndirilən şəxslər işgəncə, məcburi etirafların alınması və ədalətli məhkəmə araşdırması hüququnun pozulması barədə iddialar irəli sürüblər.

BIRD, Amnesty International, Human Rights Watch və digər təşkilatlar da daxil olmaqla 20 beynəlxalq insan hüquqları təşkilatı noyabrın 6-da birgə bəyanat yayaraq bu işin Bəhreyndə dini təqib risklərini artırdığını bildirmişdi.

Hüquq müdafiəçiləri cinayət prosesinin ölkənin şiə icmasının dini rəhbərliyinə qarşı yönəldiyini iddia edirlər.

Bəhreyn əhalisinin əhəmiyyətli hissəsini şiə müsəlmanlar təşkil etsə də, ölkə sünni Əl-Xəlifə sülaləsi tərəfindən idarə olunur. Manama hakimiyyəti uzun müddətdir İranı ölkənin daxili işlərinə müdaxilədə və bəzi müxalif qrupları dəstəkləməkdə ittiham edir. Tehran isə bu cür ittihamları rədd edib.

Son məhkəmə hökmləri ABŞ, İsrail və İran arasındakı hərbi qarşıdurmanın Fars körfəzi ölkələrinə də təsir göstərdiyi dövrə təsadüf edir.

Noyabrın 17-də İranın Bəhreyndə yerləşən ABŞ hərbi obyektini hədəfə aldığını açıqlaması regiondakı gərginliyi daha da artırıb. Bəhreyn hakimiyyəti İranın hava hücumlarının qarşısının alındığını bildirib.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.