Bakı–Tbilisi–Bakı beynəlxalq sərnişin qatarının fəaliyyətinin bərpası gündəmdədir. Gürcüstan tərəfinin yaydığı məlumata görə, Tbilisi ilə Bakı arasında gündəlik sərnişin dəmir yolu əlaqəsinin mayın 26-dan bərpa olunması nəzərdə tutulur. Gürcüstanın İctimai Yayımçısı xəbər verir ki, bu barədə Gürcüstan hökuməti məlumat yayıb və reysin 6 illik fasilədən sonra yenidən işə düşəcəyi bildirilib.
Məlumata əsasən, məsələ Gürcüstan nümayəndə heyətinin Bakıya səfəri zamanı imzalanan İkitərəfli Koordinasiya Şurasının protokolu çərçivəsində gündəmə gəlib. Sənəddə Bakı–Tbilisi–Qars dəmir yolunun yeni hissəsinin tam istismara verilməsi də nəzərdə tutulur.
Bununla yanaşı, “Azərbaycan Dəmir Yolları” QSC Bakı–Tbilisi–Bakı sərnişin qatarının fəaliyyətinin bərpası ilə bağlı Gürcüstan Dəmir Yolları ilə texniki və təşkilati məsələlər üzrə işçi qaydada müzakirələrin aparıldığını bildirib. ADY-dən verilən məlumata görə, qatarın fəaliyyəti 2020-ci ilin martında COVID-19 pandemiyası və xüsusi karantin rejimi ilə əlaqədar dayandırılmışdı.
ANZ.az-ın əldə etdiyi məlumata görə, Bakı–Tbilisi–Bakı qatarında gediş haqqının 51 manat olacağı gözlənilir. Lakin bilet qiymətləri, dəqiq hərəkət cədvəli və satışın başlanma tarixi ilə bağlı rəsmi məlumat hələ açıqlanmayıb. Bu detalların yaxın günlərdə dəqiqləşdiriləcəyi gözlənilir.
Beynəlxalq sərnişin daşımalarının bərpası Azərbaycan və Gürcüstan arasında nəqliyyat əlaqələrinin canlanması, eləcə də regionda turizm axınının artması baxımından əhəmiyyətli addım kimi qiymətləndirilir.