Noyabrın 21-də Vyetnamın paytaxtı Hanoyda Azərbaycan Prezidenti İlham Əliyev və Vyetnam Prezidenti To Lam Birgə Bəyanat qəbul ediblər. Ardınca dövlət başçılarının iştirakı ilə iki ölkə arasında imzalanmış üç əməkdaşlıq sənədinin mübadiləsi mərasimi keçirilib.
MSNews.az xəbər verir ki, prezidentlər “Azərbaycan Respublikası Prezidentinin və Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi, Vyetnam Sosialist Respublikası Prezidentinin Birgə Bəyanatı”nı qəbul ediblər.
Birgə Bəyanatda ölkələrin strateji tərəfdaşlığa sadiqliyi, qarşılıqlı suverenliyə və ərazi bütövlüyünə hörmət, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi kimi məsələlər əksini tapıb.
Daha sonra yanğın və xilasetmə xidmətləri sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu mübadilə olunub. Sənədi Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Vyetnamın ictimai təhlükəsizlik naziri Lıonq Tam Kuanq təqdim ediblər.
İkinci sənəd Azərbaycan Prezidentinin Administrasiyası ilə Vyetnam Prezidentinin Ofisi arasında Anlaşma Memorandumu olub. Sənədin mübadiləsini Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev və Vyetnam Prezidenti Ofisinin rəhbərinin müavini Nguyen Hoanq Anh həyata keçiriblər.
Ən diqqətçəkən razılaşmalardan biri isə Azərbaycanda Günəş və külək elektrik stansiyalarının inkişafı ilə bağlı olub.
Azərbaycanın Energetika Nazirliyi ilə Vyetnamın “ROX Group” şirkəti arasında müvafiq layihələrin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsinə dair İcra Müqaviləsi mübadilə edilib.
Sənədi Azərbaycanın energetika naziri Pərviz Şahbazov və “ROX Group”un təsisçisi və sədri Tran Anh Tuan təqdim ediblər.
Qeyd edək ki, Energetika Nazirliyi ilə “ROX Group” arasında əvvəlki əməkdaşlıq sənədində Azərbaycanda 600 meqavat gücündə quruda külək elektrik stansiyası və Naxçıvanda 200 meqavatlıq Günəş elektrik stansiyası layihələrinin imkanlarının araşdırılması nəzərdə tutulub.
Yeni İcra Müqaviləsi həmin istiqamətdə əməkdaşlığın davam etdirilməsi baxımından əhəmiyyət daşıyır. Bununla belə, sənədlərin mübadiləsi elektrik stansiyalarının tikintisinə artıq başlanıldığı anlamına gəlmir.
Hanoyda əldə olunan razılaşmalar Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlığın enerji, təhlükəsizlik və dövlət idarəçiliyi sahələrində genişləndirilməsinə yönəlib.





