Azərbaycan və Ermənistan liderləri Əbu-Dabidə görüşüb

Fevralın 4-də Prezident İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan Əbu-Dabidə görüşərək Vaşinqton Sülh Sammitinin nəticələrini müzakirə edib, ticarət, tranzit və etimad quruculuğu layihələrində əməkdaşlığı genişləndirməyi təsdiqləyiblər.

85

Fevralın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşüb.

Görüş zamanı tərəflər ABŞ Prezidenti Donald Trampın ev sahibliyi və şahidliyi ilə baş tutan Vaşinqton Sülh Sammitinin nəticələrinin həyata keçirilməsində əldə olunan irəliləyişi alqışlayıblar və normallaşma prosesinin ikitərəfli əsasda irəlilədilməsinin vacibliyini vurğulayıblar.

Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan hər iki cəmiyyətin sülhün faydalarına real həyatda şahid olduğunu qeyd edərək ikitərəfli ticarətin başlanmasını və Azərbaycandan Ermənistana neft məhsullarının ixracının davam etməsini müsbət qiymətləndiriblər. Həmçinin üçüncü ölkələrdən Ermənistana taxıl və digər malların Azərbaycan ərazisindən tranzitinin həyata keçirilməsindən məmnunluq ifadə edilib. Tərəflər ikitərəfli ticarət və iqtisadi əməkdaşlığı genişləndirmək imkanlarını araşdırmaq barədə razılığa gəliblər.

Görüş zamanı vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərləri alqışlanıb və etimad quruculuğu tədbirlərinin genişləndirilməsinin zəruriliyi vurğulanıb. Həmçinin TRIPP və digər bağlantı layihələrinin həyata keçirilməsi müzakirə olunub.

Azərbaycan Prezidenti və Ermənistan Baş naziri iki ölkə arasında sülhün və sabitliyin möhkəmləndirilməsi istiqamətində səyləri davam etdirməyə hazır olduqlarını bir daha təsdiqləyib, normallaşma prosesinə dəstək məqsədilə təmasları davam etdirmək barədə razılığa gəliblər.