Azərbaycan və Dominikan Respublikası arasında adi pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsini nəzərdə tutan saziş imzalanıb. Razılaşma iki ölkə vətəndaşlarının qarşılıqlı səfərlərinin asanlaşdırılmasına xidmət edəcək.
MSNews.az xəbər verir ki, saziş BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Dominikan Respublikasının xarici işlər naziri İto Bisono arasında keçirilən görüşün yekununda imzalanıb.
“Report”un məlumatına görə, görüş zamanı Azərbaycan–Dominikan Respublikası münasibətlərinin inkişaf perspektivləri, siyasi dialoqun gücləndirilməsi və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
Danışıqların yekununda tərəflər adi pasport sahibləri üçün viza tələbinin qarşılıqlı qaydada aradan qaldırılması haqqında sazişlə yanaşı, iki ölkənin xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr mexanizminin yaradılmasına dair Anlaşma Memorandumu da imzalayıblar.
Sənədlərin Azərbaycan və Dominikan Respublikası arasında ikitərəfli əlaqələrin genişləndirilməsinə və qarşılıqlı səfərlərin asanlaşdırılmasına töhfə verəcəyi gözlənilir.
Qeyd edək ki, vizasız rejimə dair sazişin imzalanması onun dərhal qüvvəyə minməsi demək deyil. Yeni qaydalar müvafiq rəsmi prosedurlar və nota mübadiləsi tamamlandıqdan sonra tətbiq olunacaq.