Azərbaycan Ukraynaya 5 avtobus hədiyyə edib

Azərbaycan Ukraynaya humanitar yardım çərçivəsində 5 avtobus təqdim edib. Ukraynanın XİN rəhbəri Andriy Sibiha Azərbaycanın 2022-ci ildən bəri 45 milyon dollardan çox yardım göstərdiyini bildirib.

5

Azərbaycan Ukraynaya yerli icmaların ehtiyacları üçün humanitar yardım çərçivəsində 5 avtobus təqdim edib. Yardım Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana işgüzar səfəri fonunda həyata keçirilib.

AZƏRTAC-ın məlumatına görə, Azərbaycan hökuməti 5 elektrik avtobusunu Ukraynanın İrpin şəhərinə hədiyyə edib və Ukrayna tərəfi bu addımı iki ölkə arasında dostluq və həmrəyliyin göstəricisi kimi qiymətləndirib.

Ukraynanın xarici işlər naziri Andriy Sibiha “X” sosial şəbəkəsində bildirib ki, Azərbaycan 2022-ci ildən bəri Ukrayna xalqına dəfələrlə dəstək göstərib. Onun sözlərinə görə, bu müddətdə Azərbaycandan Ukraynaya 45 milyon dollardan çox humanitar yardım ayrılıb. Bu yardıma generatorlar, transformatorlar və hücumlar şəraitində enerji sisteminin fəaliyyətini təmin etmək üçün vacib olan digər avadanlıqlar daxildir.

Sibiha həmçinin Azərbaycanın ukraynalı uşaqlara göstərdiyi dəstəyi xüsusi vurğulayıb. Nazir qeyd edib ki, 500-dən çox ukraynalı uşaq Azərbaycanda reabilitasiya proqramlarında iştirak edib. O, Ukraynanın bu həmrəyliyi yüksək qiymətləndirdiyini və belə dəstəyin ölkənin dayanıqlığını qorumasına kömək etdiyini bildirib.

Qeyd edək ki, Azərbaycan bundan əvvəl də Ukraynaya enerji infrastrukturunun bərpası üçün humanitar yardım göndərib. Fevral ayında Kiyevə çatdırılan yardım paketinə 12 aşağı gərginlikli panel, 11 generator, 5 transformator və 27 min metr kabel daxil idi. Həmin yardımın ümumi dəyəri 1 milyon dollar təşkil etmişdi.

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
25 aprel 2026