AZAL təyyarəsi ilə bağlı Rusiya kompensasiya ödəyəcək

AZAL rəhbəri Samir Rzayev bildirib ki, Aktau yaxınlığında baş vermiş təyyarə qəzasında həlak olan Azərbaycan vətəndaşlarının vərəsələrinə Rusiya tərəfindən kompensasiya ödənilməsi barədə razılıq əldə olunub.

36

Azərbaycan və Rusiya hökumətləri arasında aparılan danışıqlar nəticəsində 2024-cü ilin dekabrında Aktau yaxınlığında qəzaya uğrayan AZAL təyyarəsində həlak olan Azərbaycan vətəndaşlarının vərəsələrinə kompensasiya ödənilməsi barədə razılıq əldə olunub.

Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin İdarə Heyətinin sədri Samir Rzayev APA İnformasiya Agentliyi və Azərbaycan Dövlət Televiziyasına müsahibəsində bildirib.

Samir Rzayevin sözlərinə görə, əldə olunan razılaşmaya əsasən, qəza nəticəsində AZAL-a dəymiş zərər də Rusiya hökuməti tərəfindən kompensasiya ediləcək. O qeyd edib ki, ümumilikdə ayrılan vəsaitin yaxın zamanda Rusiya tərəfindən Azərbaycan tərəfinə köçürülməsi planlaşdırılır. Bundan sonra həmin vəsaitin həlak olan şəxslərin vərəsələrinə ödənilməsi AZAL tərəfindən həyata keçiriləcək.

Qeyd edək ki, AZAL-a məxsus Embraer 190 tipli sərnişin təyyarəsi 2024-cü il dekabrın 25-də Bakıdan Qroznıya uçuş həyata keçirərkən Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Hadisə nəticəsində təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər isə sağ qalıb.

Qəza ilə bağlı araşdırmalar və tərəflər arasında müzakirələr uzun müddətdir davam edirdi. Yeni razılaşma həm həlak olanların ailələrinə ödənişlərin həyata keçirilməsi, həm də AZAL-a dəymiş maddi zərərin kompensasiyası baxımından mühüm mərhələ hesab olunur.