Avstriyada məşhur uşaq qidası istehsalçısı HiPP məhsullarından birində təhlükəli maddə aşkar edildiyi barədə məlumat yayılıb. Yerli KİV-lərin yazdığına görə, məhsulun bir bankasında siçovul zəhərinə bənzər toksik maddə tapıldıqdan sonra genişmiqyaslı geri çağırılma prosesi başlayıb.
Məlumata əsasən, problemli məhsul SPAR supermarketlər şəbəkəsində satışda olub. Hadisədən sonra şirkət təxminən 1500 mağazada həmin məhsulları rəflərdən yığışdırıb. İstehsalçı isə ilkin açıqlamasında hadisənin “kənar müdaxilə” nəticəsində baş vermiş ola biləcəyini istisna etməyib.
Avstriya polisi araşdırmanı genişləndirərək bildirib ki, oxşar hallara Çexiya və Slovakiyada da rast gəlinib. Hər iki ölkədə bəzi nümunələrdə toksik maddələrin aşkar edildiyi qeyd olunur.
Rəsmilər istehlakçılara xəbərdarlıq edərək həmin məhsulları istifadə etməməyi və aldıqları mağazalara geri qaytarmalarını tövsiyə edib. Hadisə ilə bağlı istintaq davam edir və məsul şəxslərin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparılır.