İngiltərənin “Aston Villa” klubu UEFA Avropa Liqasının finalında Almaniyanın “Frayburq” komandasını 3:0 hesabı ilə məğlub edərək turnirin qalibi olub. İstanbulda, “Beşiktaş Park” stadionunda keçirilən həlledici görüşdə Birmingem təmsilçisinin qollarını Yuri Tilemans, Emiliano Buendia və Morqan Rocers vurublar.
Bu qələbə “Aston Villa” üçün tarixi əhəmiyyət daşıyır. Klub bununla 30 illik titul həsrətinə son qoyub və 1996-cı ildə qazandığı İngiltərə Liqa Kubokundan sonra ilk böyük kubokunu əldə edib. Komanda həmçinin 1982-ci ildən bəri ilk dəfə Avropa arenasında titul qazanıb.
Baş məşqçi Unai Emeri də şəxsi rekordunu yeniləyib. İspaniyalı mütəxəssis karyerasında beşinci dəfə Avropa Liqasının qalibi olub. Emeri daha əvvəl 2013/14, 2014/15 və 2015/16 mövsümlərində “Sevilya”, 2020/21 mövsümündə isə “Vilyarreal”la bu turnirdə çempion olmuşdu. O, yalnız 2018/19 mövsümündə “Arsenal”la finalda məğlubiyyət yaşamışdı.

Finalı stadiondan izləyənlər arasında Böyük Britaniya taxt-tacının varisi, “Aston Villa” azarkeşi Şahzadə Uilyam da olub. O, sevimli komandasına dəstək olmaq üçün İstanbula gəlib. Britaniya mediasının məlumatına görə, Uilyam final fitindən sonra emosional anlar yaşayıb, komandanın qələbəsini böyük sevinclə qeyd edib və daha sonra sosial şəbəkədə “Amazing night!!” sözləri ilə “Aston Villa”nı təbrik edib.