Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan İstanbulda keçirilən Parlamentlərarası İttifaqın 152-ci Assambleyasında çıxışı zamanı Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə toxunub.
Simonyan bildirib ki, 2025-ci ildə əldə olunmuş razılaşmadan sonra Azərbaycanla sülh “möhkəmlənib” və bu, xalqlar üçün etimad, əməkdaşlıq və real inkişaf imkanları açan tarixi addımdır.
Simonyan qeyd edib ki, Ermənistan bu sülhün möhkəmləndirilməsinə, dialoqun inkişafına və əldə olunan nəticələrin region üçün praktik imkanlara çevrilməsinə sadiq qalır. O, çıxışını İstanbulda keçirilən IPU-152 forumu çərçivəsində etdiyini və mövzunun “ümidi gücləndirmək, sülhü qorumaq və gələcək nəsillər üçün ədaləti təmin etmək” olduğunu vurğulayıb.
Simonyan çıxışında regional əməkdaşlıq məsələsinə də toxunub. O bildirib ki, Ermənistan sabitliyin və ümumi rifahın möhkəmləndirilməsi üçün regional tərəfdaşlıqları, o cümlədən Türkiyə ilə əməkdaşlığı dərinləşdirməyə hazırdır. Bu xətt İrəvanın son aylarda verdiyi digər açıqlamalarla da uyğunluq təşkil edir və regionda normallaşma mesajı kimi qiymətləndirilir.