Prezident İlham Əliyev Ağdərə şəhərinin Baş planı və hərbi qulluqçular üçün yeni mənzillərlə tanış olub

Prezident İlham Əliyev Ağdərə şəhərinin Baş planı ilə tanış olub. Layihəyə şəhər mərkəzi, yaşayış sahələri, ictimai-işgüzar zonalar, parklar, məktəblər və xəstəxana daxildir. Eyni gündə hərbi qulluqçular üçün yeni mənzillər istifadəyə verilib.

100

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Ağdərə şəhərinin Baş planı ilə tanış olub. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev dövlətimizin başçısına şəhərin perspektiv inkişafı barədə məlumat verib.

Bildirilib ki, Baş plana əsasən, şəhərin məskunlaşma sahəsi 444 hektardan 522 hektara çatdırılacaq. 20 illik perspektivdə əhalinin sayı 14 min nəfərə çatacağı proqnozlaşdırılır. Layihəyə şəhər mərkəzi, fərdi və azsıxlıqlı yaşayış sahələri, çoxfunksiyalı və ictimai-işgüzar zonalar, terras parkı, çayətrafı bulvar, aqroturizm, sənaye və logistika zonalarının yaradılması daxildir.

Birinci mərhələdə sahəsi 104 hektar olan şəhər mərkəzi inkişaf etdiriləcək, yol və küçələrin uzunluğu 46,8 km, velosiped zolaqlarının uzunluğu isə 10 km olacaq. Həmçinin 80 çarpayılıq xəstəxana, 5 məktəb (2520 şagird yerlik), 5 uşaq bağçası (840 yerlik) və peşə məktəbinin inşası nəzərdə tutulur.

Eyni gündə Ağdərədə Müdafiə Nazirliyinin hərbi qulluqçuları üçün nəzərdə tutulan yaşayış binaları da istifadəyə verilib. Ümumilikdə 3 binada 72 mənzil – 8 birotaqlı, 36 ikiotaqlı, 24 üçotaqlı və 4 dördotaqlı mənzil hərbçilər və ailələri üçün tam təchiz olunub. Mənzillər su, qaz, elektrik, internet və mebel dəstləri ilə təmin edilib. Binaların ətrafında abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb və sakinlərin istirahəti üçün guşələr yaradılıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığı ilə son illərdə Azərbaycanın Milli Ordusunun şəxsi heyətinin sosial-məişət şəraiti davamlı olaraq yaxşılaşdırılır, hərbi qulluqçuların mənzillə təminatı strateji prioritet hesab olunur.