ABŞ-ın Venesuelaya müdaxiləsi: “Məqsəd təkcə neft deyil…” – ŞƏRH

Siyasi araşdırmaçı Kamran Sultanlı MSNews.az-a eksklüziv müsahibəsində Venesueladakı proseslərin ABŞ-ın yenilənmiş Monro doktrinası və Latın Amerikadakı Çin-Rusiya təsiri ilə bağlı olduğunu açıqlayır.

60

Venesuelada baş verən siyasi proseslər, ABŞ-ın ölkə prezidenti Nikolas Maduronu və onun həyat yoldaşını həbs edərək xüsusi əməliyyatla ölkədən çıxarmas dünya gündəminin bir nömrəli xəbərinə çevrilib.

Siyasi araşdırmaçı Kamran Sultanlı MSNews.az-a verdiyi eksklüziv müsahibədə bildirib ki, bu hadisələrin əsas mahiyyəti ABŞ-ın yenilənmiş “Monro doktrinası” ilə bağlıdır. “Monro doktrinası hər zaman ABŞ xarici siyasətinin prioriteti olub, lakin Tramp dövründə daha aktual və aktiv rol aldı,” – o qeyd edib. Xüsusən də, əsas məsələ Çin və Rusiyanın Latın Amerikasında, ümumiyyətlə, Qərb yarımkürəsində artan təsiri və bu təsirin qarşısını almaq istiqamətində atılan addımlardır.

K.Sultanlının sözlərinə görə, Venesuelaya ABŞ müdaxiləsinin əsas səbəbi təkcə neft deyil. Zatən deyildiyi kimi, yəni Venesuelanın neft ehtiyatlarının 300 milyard barreldən çox olması fikri də o qədər də əsaslı deyil. Çünki bu ehtiyatların çoxu kəşf olunmamış ehtiyatlardır, yəni bu, seysmoqrafların iddia etdiyi rəqəmdir. Neft bazarında belə bir qayda var: qazma = ehtiyat. Əgər qazma yoxdursa, qazılmış ehtiyatlar hesaba alınmırsa və çıxarılan neftin maya dəyəri baha başa gəlirsə, artıq bu neftin rentabelliyi aşağı hesab olunur və bunu hesaba qatmaq doğru deyil. Odur ki, Venesuelanın çıxarılan neft ehtiyatları deyilən qədər deyil.

“Lakin Venesuelanın çox önəmli kobalt, litium, kalium ehtiyatları vardır ki, bu ehtiyatlar nadir metallar baxımından ABŞ üçün çox əhəmiyyətlidir. Buna görə də ABŞ bu ehtiyatların Çin və Rusiya kimi strateji rəqibləri tərəfindən istifadə olunmasına göz yuma bilməz.” deyə ekspert xüsusi olaraq vurğulayır.

Eyni zamanda, ABŞ son illər ərzində bir çox sahəni öz qitəsinə gətirməyə çalışır. Məsələn, şist inqilabı sayəsində Səudiyyə Ərəbistanından daha çox neft, Rusiyadan daha çox qaz istehsal etməyə başlayıb və hasilata görə dünyada birinci yerdədir.

“Şist inqilabı” dedikdə, əsasən ABŞ-ın son illərdə qazma texnologiyaları sayəsində şist (shale) neft və qaz hasilatında böyük artım əldə etməsi prosesi nəzərdə tutulur. Bu, enerji sektorunda inqilabi dəyişiklik hesab olunur, çünki şist nefti əvvəlki illərdə kommersiya baxımından sərfəli deyildi, amma yeni texnologiyalar — horizontal qazma və hidravlik qırma (fracking) — nəticəsində ABŞ dünyada ən böyük neft və qaz istehsalçısına çevrildi.

ABŞ bu siyasəti, eyni zamanda, Argentinada (Vaca Muerta), Braziliyada, Qayanada da ardıcıl olaraq izləyib.

Qrenlandiya ilə bağlı iddialar da hər nə qədər beynəlxalq hüquqa zidd görünsə də, deyə bilərəm ki, bu, təkcə Trampın xəyal məhsulu deyil, ABŞ-ın siyasi elitasının istəyi və davamlı siyasətidir.

Kamran Sultanlı Venesueladan Maduronun gətirilməs”oğurlanması”i məsələsinin Trampın reytinqinə təsirini şərh edərkən deyib: “Bu, prezident üçün müsbət nəticə verə bilər, lakin bu məsələnin bitdiyini demək tezdir. ABŞ-ın uzun müddətli iştirakı digər regionlarda baş verə biləcək hadisələrə reaksiyasını zəiflədə bilər.”

Ümumilikdə, ekspert hesab edir ki, Venesueladakı proseslər ABŞ-ın Latın Amerikadakı strateji maraqlarını qorumaq məqsədilə həyata keçirilir və bu, yalnız neft deyil, nadir resurslar və geosiyasi üstünlük uğrunda bir mübarizədir.