İslandiya, Qlobal Sülh İndeksi 2025 məlumatlarına görə, aşağı cinayət səviyyəsi, siyasi sabitlik və ictimai harmoniya sayəsində 17-ci dəfə dünyanın ən təhlükəsiz ölkəsi seçilib.
“Od və buz ölkəsi” kimi tanınan İslandiya, ardıcıl 17-ci dəfə dünyanın ən güvənli ölkəsi seçildi. Prestijli Qlobal Sülh İndeksi (Global Peace Index – GPI) məlumatlarına görə, İslandiya 2008-ci ildən bəri hər il siyahının zirvəsində yer alaraq dünyanın ən sülhsevər ölkəsi ünvanını qoruyur.
Son dövrlərdə yaşanan vulkan partlayışları ilə gündəmə gəlməsinə baxmayaraq, İslandiya aşağı cinayət səviyyəsi, siyasi sabitliyi və ictimai uyumu ilə təhlükəsizlikdə öncül mövqedə qalır.
2025 Qlobal Sülh İndeksi, şiddətli cinayətlər, hərbi xərclər və daxili münaqişələr də daxil olmaqla 23 fərqli kriteriya əsasında qiymətləndirmə aparıb. Hesabatda İslandiyanın digər ölkələrdən açıq fərqləndiyi vurğulanıb. Birinci sıradakı İslandiya ilə ikinci sıradakı İrlandiya arasındakı fərqin, ikinci ilə onuncu sıradakı ölkələr arasındakı fərq qədər böyük olduğu qeyd edilib.
Hər il İqtisadiyyat və Sülh İnstitutu (Institute for Economics & Peace – IEP) tərəfindən hazırlanan indeks, dünya əhalisinin təxminən 99,7%-ni əhatə edən 163 ölkə və bölgəni incələyir. 2025 hesabatı, qlobal səviyyədə sülhün zəiflədiyini ortaya qoyub. Bir çox ölkədə militarsizasiyanın artdığı, münaqişələrin dərinləşdiyi və iqtisadi qeyri-müəyyənliklərin yüksəldiyi qeyd olunub.
İslandiyanın sülhsevərliyinin arxasında heyrətamiz ictimai adətlər də dayanır. Ölkədə polis silah daşımır, valideynlər isə uşaqlarını körpə arabasında küçədə yatızdıra bilir. Bu, İslandiyanı yalnız səyahət edənlər və ailələr üçün təhlükəsiz bir məkan halına gətirir.
Zirvədən sonra gələn ölkələr əsasən Avropa və Asiya-Sakit Okean regionundan ibarətdir. İrlandiya və Avstriya, siyasi sabitlikləri və aşağı daxili münaqişə səviyyələri ilə sırasıyla ikinci və üçüncü sırada yer alıb. Yeni Zelandiya dördüncü sırada, Sakit Okeanın ən sülhsevər ölkəsi olaraq Sinqapur ilk dəfə ilk beşlikdə yer alıb. Ümimilikdə ilk onluq belədir:
-
İslandiya
-
İrlandiya
-
Yeni Zelandiya
-
Avstriya
-
İsveçrə
-
Sinqapur
-
Portuqaliya
-
Danimarka
-
Sloveniya
-
Finlandiya
Hesabatda bəzi ölkələrin sülh xallarında əhəmiyyətli artım qeydə alınıb. Azərbaycan 17 sıra, Qambiya 16 sıra, Səudiyyə Ərəbistanı və Peru 14 sıra, Uqanda isə 12 sıra yuxarı qalxıb.
Siyahının ən aşağılarında isə davam edən müharibələr və humanitar böhranlar diqqət çəkib. Rusiya, 2025 Qlobal Sülh İndeksinə görə dünyanın ən az sülhsevər ölkəsi seçilib. Ukrayna isə sondan ikinci sırada yer alıb. Hər iki ölkədə ifrat militarizasiya və ağır insan itkisi bu mövqeyi şərtləndirib.