XIX əsrin əvvəllərində Rusiyanın ictimai-siyasi həyatında yeni ideyaların, islahat təşəbbüslərinin və modernləşmə cəhdlərinin mərkəzində duran ən mühüm fiqurlardan biri Mixail Mixayloviç Speranski olmuşdur. O, bir tərəfdən imperiyanın inzibati və hüquqi sistemini yeniləməyə çalışan parlaq dövlət xadimi, digər tərəfdən isə maarifçilik və masonluq ideyaları ilə yoğrulmuş ziyalı idi. Onun həyatı və fəaliyyəti, dövrünün mürəkkəb siyasi mühitində həm böyük nailiyyətlər, həm də kəskin ziddiyyətlər əks etdirir.
Mixail Speranski 1772-ci il, yanvar ayının 12-də (köhnə təqvimlə 1 yanvarda) Vladimir quberniyasının Çerkutino kəndində (indiki Vladimir vilayətinin Sobinski kəndində) pravoslav keşiş ailəsində anadan olub. Sadə mənşəyi onun yüksəlişini daha da diqqətəlayiq edir. Vladimir Seminariyasında təhsil alarkən latınca “ümid etmək” mənasını verən “sperare” sözündən yaranmış “Speranski” soyadını alıb. Sonralar Sankt-Peterburqda Aleksandr Nevski Lavrası yanında Ali Seminariyada riyaziyyat, fizika və fəlsəfədən dərs demiş, daha sonra isə (1796) həmin müəssisənin prefekti (müdiri) vəzifəsində çalışmışdır. O, erkən gənclik illərində parlaq intellekti, məntiqi düşüncəsi və natiqlik qabiliyyəti ilə seçilirdi.
Mixail Speransky 1798-1799-cu illərdə anqlikan pastoru Elizabet Stevensin qızı ilə evlənmiş (1799-cu ildə öldü) və bu evlilikdən onun yeganə qızı, sonradan yazıçı olan Elizabet Frolova-Baqreva dünyaya gəlmişdi.
M.Speranski, 1796-cı ildə imperator I Pavelin taxta çıxması ilə Senatın Baş prokuroru təyin edilmiş knyaz Aleksey Kurakinin şəxsi katibi vəzifəsini icra edir.
1797-ci ildə Mixail Speranski kargüzarlıq karyerasını tərk edərək dövlət qulluğuna keçir. 1801-ci ilə qədər o, Senatın Baş Prokurorunun kanselyariya departamentinin əməkdaşı kimi fəaliyyət göstərir. 1799-1801-ci illərdə, həm də İmperator İqamətgahının Təchizat Komissiyasının Kanselyariyasına rəhbərlik edir. Yüksək operativliyi və ensiklopedik biliyi sayəsində tez bir zamanda karyera pillələrində irəliləməyi bacarır. Tarixçi Vasili Klyuçevskinin fikrincə, “Speranski XVIII əsrin səliqəsiz rus kanselyariyasına qeyri-adi nizamlı ağıl, sonsuz işləmək bacarığı, əla danışıq və yazmaq qabiliyyəti gətirmişdi”.
Onun dövlət qulluğuna gəlişi 1802-ci ildə Daxili İşlər naziri Viktor Koçubeyin katibi kimi başlamış, tezliklə imperator I Aleksandrın diqqətini cəlb etmişdir. Speranski imperatorun yaxın məsləhətçilərindən biri statusuna yüksələrək Rusiyanın idarəçilik sistemində köklü dəyişikliklərə yönəlmiş layihələr hazırlamışdır. 1809-cu ildə qələmə aldığı “Dövlət qanunlarının həyata keçirilməsinə giriş” adlı proqram sənədində o, Rusiyada hakimiyyət bölgüsü prinsiplərinə əsaslanan konstitusion quruluşun əsaslarını təklif edirdi. Onun nəzərində imperiyanın inkişaf yolu hüquqi dövlətin yaradılması, qanunların aliliyi və icra hakimiyyətinin səlahiyyətlərinin dəqiq bölüşdürülməsindən keçirdi. Bu ideyalar Avropa maarifçiliyinin təsiri ilə formalaşmış, lakin rus reallıqlarına uyğunlaşdırılmışdı.
1806-cı ildə Daxili İşlər Nazirliyinin rəhbəri qraf Viktor Koçubeyin səhhətinin pisləşməsi ilə əlaqədar Speranski imperatora şəxsi hesabatlarında naziri əvəz etməyə başladı. Sonralar o, rus monarxının ən yaxın məsləhətçilərindən birinə çevrildi. 1808-ci ilin payızında Speranski Fransa imperatoru I Napoleonla görüşmək üçün I Aleksandrın nümayəndə heyətinin tərkibində Almaniyanın Erfurt şəhərinə səfər etdi.
1808-ci ilin dekabrından 1812-ci ilin martına qədər ədliyyə nazirinin müavini oldu. Eyni zamanda o, 1808-1810-cu illərdə kollegiya üzvü, 1810-1812-ci illərdə isə Qanun layihələrinin hazırlanması komissiyasının direktoru vəzifələrini icra etdi.
Speranskinin ən mühüm praktik nailiyyətlərindən biri 1810-cu ildə Dövlət Şurasının yaradılması olmuşdur. Burada o, qanunvericiliyin hazırlanması və müzakirəsi prosesini sistemləşdirməyə çalışmışdır. 1811-ci ildə isə onun təşəbbüsü ilə “Nazirliklərin ümumi təsisatı” qəbul edilmiş, bu sənəd müasir nazirlik sisteminin əsasını qoymuşdur. Lakin onun ideyaları imperator sarayında və zadəgan mühitində birmənalı qarşılanmamış, xüsusilə mühafizəkar çevrələrdə narazılıq doğurmuşdur. Onu Fransanın lehinə casusluqda, hətta “inqilabi ideyalar” yaymaqda ittiham edənlər də vardı. 1812-ci ildə Napoleona qarşı müharibə ərəfəsində siyasi intriqaların qurbanı olmuş və mərkəzi hakimiyyətdən uzaqlaşdırılmışdır.
Bununla belə, Speranski dövlət xidmətindən tamamilə kənara atılmadı. 1819–1821-ci illərdə Sibirin baş qubernatoru vəzifəsini icra edərək regionun idarəetməsini yenidən təşkil etdi, 1822-ci ildə “Sibir nizamnamələri” ilə həmin ərazilərdə idarəçilik qaydalarının hüquqi əsaslarını formalaşdırdı. Bu təcrübə onun dövlət quruculuğu düşüncəsinin praktik təcəssümü idi.
Əsl böyük işi isə 1826-cı ildən başlayaraq imperator I Nikolayın tapşırığı ilə həyata keçirildi. O, İmperator Kanselyariyasının İkinci şöbəsinə rəhbərlik edərək Rusiyanın əsrlər boyu toplanmış qanunvericiliyini sistemləşdirməyə başladı. Nəticədə 1830-cu ildə “Rusiya İmperiyasının Qanunlarının Tam Toplusu” işıq üzü gördü. 45 cilddən ibarət bu monumental əsərdə mövcud bütün normativ aktlar toplanmışdı. Daha sonra bu iş əsasında “Qanunlar Məcmuəsi” – Svod Zakonov hazırlandı və 1833-cü ildə imperator manifesti ilə qüvvəyə mindi. 15 cilddən ibarət olan bu məcmuə Rusiyanın hüquqi sisteminin əsası kimi uzun illər fəaliyyət göstərdi. Bu nəhəng layihəyə görə Speranski “Apostol Andrey” ordeni ilə təltif edildi və 1839-cu ilin əvvəlində qraf rütbəsi aldı.
Speranskinin fəaliyyəti təkcə dövlət idarəçiliyi ilə məhdudlaşmırdı. O, həm də rus masonluğunun diqqətəlayiq simalarından biri kimi tanınır. XIX əsrin əvvəllərində Sankt-Peterburqda fəaliyyət göstərən “Qütb Ulduzu” («Полярная звезда») lojası onun adı ilə sıx bağlıdır. Mənbələrdə Speranskinin bu lojaya 1810-cu ildə qəbul edildiyi, bəzi mənbələrdə isə ona rəhbərlik etdiyi qeyd olunur. Lojanın qurucusu islahatçı mason İgnatiy Fessler idi və Speranski onun yaxın ətrafında yer alırdı. “Qütb Ulduzu” lojasında ziyalılar, məmurlar, dövlət xadimləri toplaşır, Avropa maarifçiliyinin ideyalarını müzakirə edir, hüquqi dövlət və vətəndaş cəmiyyəti kimi anlayışlar üzərində düşünürdülər. Bu mühit Speranskinin islahat layihələrinə güclü təsir göstərmiş, onun liberal dünyagörüşünü möhkəmləndirmişdir. Maraqlıdır ki, dövlət dairələri onun masonik fəaliyyətindən xəbərdar idi və müəyyən dövrdə buna göz yumurdu. Bu fakt Speranskinin həm rəsmi dövlətçilik, həm də gizli intellektual cəmiyyətlərdə paralel rol oynamasını açıq şəkildə göstərir.
Mixail Mixayloviç Speranski 23 fevral 1839-cu ildə Sankt-Peterburqda vəfat etdi və Aleksandr Nevski Lavrasında dəfn edildi. O, arxasında yalnız hüquqi kodekslər deyil, həm də gələcək nəsillər üçün dərin siyasi və fəlsəfi irs buraxdı. Tarixçilər onu “rus liberalizminin atası” adlandırırlar. Onun təklif etdiyi konstitusion ideyalar tam həyata keçirilməsə də, XIX əsr rus hüquq və dövlətçilik düşüncəsinin inkişafına güclü təsir göstərmişdir. Hüquqi kodifikasiya sahəsindəki işi isə imperiyanın bütün XIX əsr boyu dayaq sütunu olmuşdur.
Speranskinin həyatı və fəaliyyəti bir tərəfdən imperiyanın modernləşmə cəhdlərini, digər tərəfdən isə bu cəhdlərin qarşılaşdığı müqaviməti əks etdirir. Onun mason çevrələrində iştirakı və islahatçı təşəbbüsləri bir-biri ilə üzvi şəkildə bağlı idi. Bu ikili fəaliyyət Speranskini həm müasirləri, həm də tarix qarşısında unudulmaz fiqura çevirmişdir.
*************************************************************