Epşteyn MKİ-nin “işgəncə təyyarəsi”ndən istifadə etməyi planlaşdırıb

Yeni sənədlər Ceffri Epşteynin vaxtilə CIA tərəfindən istifadə olunan “işgəncə təyyarəsi”ni istifadə etməyi planlaşdırdığını üzə çıxarıb.

38

ABŞ-da azyaşlı qızlara qarşı cinsi istismar və fahişəlik şəbəkəsi qurmaq ittihamı ilə həbsdə olarkən həbsxanada ölü tapılan milyarder Ceffri Epşteynin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə (CIA) məxsus keçmiş “işgəncə təyyarəsi” kimi tanınan hava gəmisindən istifadə etməyi planlaşdırdığı üzə çıxıb.

Bu fakt ABŞ Ədliyyə Nazirinin müavini Todd Blanşın Epşteyn işi ilə bağlı üç milyondan çox yeni sənədin ictimaiyyətə təqdim edildiyini açıqlamasından sonra yayımlanan materiallarda yer alan 14 aprel 2017-ci il tarixli yazışmalarla ortaya çıxıb.

Sənədlərə görə, Epşteynin pilotu Lerri Visoski ilə apardığı elektron yazışmada istifadə edilməsi nəzərdə tutulan təyyarənin 2007-ci ildə MKİ üçün xidmət göstərdiyi bildirilir. Visoski qeyd edir ki, əvvəlki qeydiyyat nömrəsi “N313P” olan bu təyyarə MKİ tərəfindən Quantanamo körfəzinə məhbusların daşınması məqsədilə istifadə olunub və məhz, bu səbəbdən “işgəncə təyyarəsi” (Torture Plane) adı ilə tanınıb.

Yazışmada həmçinin həmin təyyarənin Yaxın Şərqə həyata keçiriləcək uçuş zamanı problemlər yarada biləcəyi də vurğulanır. Yeni sənədlərin dərc olunması Epşteynin mümkün kəşfiyyat əlaqələri ilə bağlı iddiaları yenidən gündəmə gətirib.

Xatırladaq ki, yaşı 14-dən başlayan onlarla azyaşlı qıza qarşı cinsi istismar və fahişəlik şəbəkəsi yaratmaqda ittiham olunan Ceffri Epşteyn 10 avqust 2019-cu ildə Nyu-Yorkdakı Manhetten Metropolitan Həbsxanasındakı kamerasında ölü tapılmışdı.

Açıqlanan məhkəmə sənədlərində Şahzadə Endryu, ABŞ Prezidenti Donald Tramp, sabiq ABŞ Prezidenti Bill Klinton, keçmiş İsrailin baş naziri Ehud Barak, sabiq vitse-prezident Al Qor, aktyor Kevin Speysi, müğənni Maykl Cekson, illüzionist Devid Koperfild, vəkil Alan Derşovits və keçmiş Nyu-Meksiko qubernatoru Bill Riçardson kimi tanınmış adlar yer alsa da, ABŞ Federal Təhqiqat Bürosu və Ədliyyə Nazirliyi araşdırmalar nəticəsində “müştəri siyahısı”nın mövcudluğuna dair sübut tapılmadığını və Epşteynin öldürülmədiyini, kamerada intihar etdiyini açıqlayıb.