Milyarder Ceffri Epşteyn ilə bağlı açıqlanan yeni sənədlər onun və ətrafındakı şəxslərin Britaniyanın kəşfiyyat xidməti MI6 və İsrailin xarici kəşfiyyat orqanı Mossadın keçmiş üzvləri ilə birlikdə Liviyada dövlət varlıqlarına əl qoymağa yönəlmiş planlar müzakirə etdiyini ortaya çıxarıb.
Sənədlərə görə, Epşteyn və onun çevrəsi Liviyanın yenidən qurulmasına yardım etmək bəhanəsi ilə ölkədəki siyasi və iqtisadi qeyri-müəyyənlikdən istifadə edərək liviyalı rəsmilərdən xərac almağı və dövlətə məxsus aktivləri ələ keçirməyi planlaşdırıb.
Son günlərdə bir hissəsi ictimaiyyətə açıqlanan Epşteyn istintaq dosyeləri bu iddiaları yenidən gündəmə gətirib. Dosyelərdə yer alan və 2011-ci ilin iyul ayına aid olduğu bildirilən bir elektron məktubda, Liviyaya məxsus beynəlxalq səviyyədə dondurulmuş təxminən 80 milyard dollarlıq vəsaitin mövcud olduğu, bunun 32,4 milyard dollarının ABŞ-da yerləşdiyi qeyd edilir.
Həmin yazışmada Liviyaya aid “oğurlanmış və mənimsənilmiş” aktivlərin real həcminin bu məbləğin 3–4 qatına çata biləcəyi iddia olunur və bu vəsaitlərin kiçik bir hissəsinin belə geri qaytarılmasının milyardlarla dollar qazanc anlamına gələcəyi vurğulanır.
E-poçtda Liviyanın yenidən qurulması və iqtisadiyyatının canlandırılması üçün gələcəkdə ən azı 100 milyard dollar xərclənməsinin planlaşdırıldığı, bu prosesin isə “daha böyük fürsətlər” yaratdığı bildirilir. Liviyanın enerji ehtiyatları, əhali strukturu və savadlılıq səviyyəsi baxımından üstünlüklərinin maliyyə və hüquqi təşəbbüslər üçün əlverişli olduğu da qeyd olunur.
Sənədlərdə, bəzi beynəlxalq hüquq şirkətləri ilə “uğur haqqı” prinsipi əsasında danışıqlar aparıldığı, daha əvvəl MI6 və Mossad-da xidmət etmiş şəxslərin Liviyaya aid olduğu iddia edilən aktivlərin müəyyən edilməsi və geri qaytarılması prosesində iştirak etməyə hazır olduqları bildirilir.
Bu yazışmalar Epşteyn və ətrafının Liviyadakı qeyri-sabitliyi kommersiya və siyasi qazanc fürsətinə çevirməyə çalışdığına dair iddiaları bir daha gündəmə gətirib.