Son illər regionlarda gənclərin intellektual potensialının inkişafına yönəlmiş təşəbbüslər ictimai sektorun əsas fəaliyyət istiqamətlərindən birinə çevrilib. Bu istiqamətdə Qazax rayonunda fəaliyyət göstərən “Öyrədərək Öyrənirik” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi də ardıcıl və sistemli layihələri ilə seçilir. Təşkilat 2025-ci il ərzində rəqəmsal savadlılıq və intellektual inkişaf mövzularını əhatə edən bir sıra əhəmiyyətli təşəbbüslər həyata keçirib.
MSNews.az olaraq, təşkilatın 2025-ci ildə gördüyü işlər, icra olunan layihələr və gələcək planlar barədə ictimai birliyin sədri Tükəzban Süleymanovadan fikirlərini öyrəndik.
Sədr bildirdi ki, cari il ərzində təşkilat tərəfindən iki əsas layihə uğurla icra olunub. Onlardan birincisi Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi “Rəqəmsal” mövzulu qrant müsabiqəsinin qalib layihələrindən biri olan “Texno-mifləri dağıdırıq!” layihəsidir. Layihə 01 aprel – 31 avqust tarixlərini əhatə edib.
Layihə çərçivəsində gündəlik həyatda geniş yayılmış, lakin elmi əsaslara söykənməyən texnoloji inanclarla bağlı maarifləndirici 8 animasiya filmi hazırlanıb. Bu filmlərdə “Telefonumuzu gecəboyu şarjda saxlasaq batareyası zərər görərmi?”, “Mikrodalğalı soba Wi-Fi siqnalını zəiflədirmi?”, “Kompüteri tez-tez söndürüb-yandırmaq ona ziyandırmı?”, “Süni intellekt dünyanı ələ keçirə bilərmi?”, “Telefonu mikrodalğalı sobada şarj etmək olarmı?”, “Kompüter oyunları uşaqlarda aqressiya yaradırmı?”, “Müasir smartfonlar bank kartlarındakı məlumatları silə bilərmi?” və “Wi-Fi siqnalı sağlamlığa zərərlidirmi?” kimi mövzular əhatə olunub.
Tükəzban Süleymanova qeyd edib ki, layihənin əsas məqsədi gənclərin və yeniyetmələrin rəqəmsal savadlılığını artırmaq və texnologiya ilə bağlı yanlış təsəvvürləri aradan qaldırmaq olub:
“Texnologiya ilə bağlı miflər cəmiyyətdə çox sürətlə yayılır. Biz bu layihə ilə gənclərə faktlara əsaslanan yanaşma qazandırmağı hədəflədik,” – deyə sədr vurğulayıb.
Təşkilatın icra etdiyi ikinci layihə isə 1 sentyabr – 30 oktyabr tarixlərini əhatə edən “Mind Odyssey” regional intellektual turniri olub. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilib.
Layihə çərçivəsində Qazax və Ağstafa rayon məktəblilərindən ibarət 25 komandanın iştirakı ilə Qazax Gənclər Evində bir həftə davam edən intellektual yarışlar təşkil olunub. Gərgin mübarizə şəraitində keçən turnirin yekununda Ağstafa məktəblilərindən ibarət komanda qalib adını qazanıb. Qeyd edək ki, layihədə ümumilikdə 125 nəfər məktəbli iştirak edib.
Sədr bildirib ki, regional əməkdaşlıq layihənin uğurunda mühüm rol oynayıb:
“Bu il regionda əsas tərəfdaşlarımız Qazax-Tovuz Regional Təhsil İdarəsi, ‘Qazax Gənclər Evi’ sosial xidmət müəssisəsi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax-Tovuz regional nümayəndəliyi olub. Bu əməkdaşlıqlar fəaliyyətlərimizin təsir dairəsini daha da genişləndirib,” – deyə T.Süleymanova əlavə edib.
Keçirilən tədbir və layihələrin işıqlandırılması həm yerli, həm də ölkə miqyaslı xəbər saytlarında həyata keçirilib.
Məlumat üçün bildirək ki, “Öyrədərək Öyrənirik” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi 2013-cü ildə təsis edilib və 2014-cü ildə dövlət qeydiyyatına alınıb. Təşkilat Qazax rayonunda fəaliyyət göstərir və indiyədək 25-dən çox layihə, yüzlərlə maarifləndirici və intellektual tədbir həyata keçirib.
Eyni zamanda təşkilatın fəaliyyəti çərçivəsində indiyədək 3 bədii-sənədli film, 1 sosial çarx, 4 qısametrajlı sənədli film və 8 animasiya filmi hazırlanaraq ictimaiyyətə təqdim olunub.
2016-cı ildə hazırlanan və aprel şəhidləri – XTQ-nin tabor komandiri, kapitan Mühüd Orucov, XTQ-nin baş leytenantı Elvin Namazov və əsgər Orxan Əliyevin xatirəsinə həsr olunan “Qarabağa doğru” filmi Azərbaycan Kinematoqrafçılar ittifaqının xüsusi diplomuna layiq görülüb. 2017-ci ildə hazırlanmış “Fidan” qısametrajlı filmi erkən nikahlar mövzusuna həsr edilib. Bunlardan başqa, təşkilat tərəfindən 2018-ci ildə hazırlanmış və Ermənistanın ərazilərimizi işğalı nəticəsində ekologiyamıza vurduğu zərərlərdən bəhs edən “Qara bağ – Ekoloji terrorun annotasiyası“ qısametrajlı sənədli filmini, 2018-ci ildə hazırlanmış və Günnüt şəhidi Adil Tatarovun xatirəsinə həsr olunan “Şəhidliyin Adil zirvəsi” filmini, 2019-cu ildə hazırlanmış və Qazax Müəllimlər Seminariyasının 100 illiyinə həsr olunan “Yüz ilin işığı” qısametrajlı sənədli filmini, 2021-ci ildə hazırlanmış və intiharlar mövzusuna həsr olunan “İntiharlara YOX deyək!” adlı sosial çarxı, 2022-ci ildə hazırlanmış və Vətən Müharibəsi şəhidi, tibb xidməti leytenantı Adil Əfəndiyevin xatirəsinə həsr olunan “Xüsusi Təyinatlı Həkim” filmini və nəhayət, 2024-cü ildə “Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində hazırlanmış “Yaşıl Qurtuluş: İşğaldan sonra təbiətin yenidən dirilişi” qısametrajlı sənədli filmini göstərə bilərik.
Sonda Tükəzban Süleymanova bildirib ki, növbəti ildə də gənclərin intellektual inkişafı ilə yanaşı vətənpərvərlik və innovasiya mövzuları təşkilat üçün prioritet olacaq:
“Biz gəncləri düşünən, sorğulayan və gələcəyi qurmağa hazır fərdlər kimi yetişdirməyi əsas məqsədimiz hesab edirik,” – deyə sədr vurğulayıb.