İspaniya ilə Mərakeşi birləşdirəcək 42 kilometrlik tunel layihəsi

İspaniya və Mərakeş Cəbəllütariq boğazının altından 42 km-lik dəmir yolu tuneli ilə birləşdirilə bilər. Avropa ilə Afrika arasında yeni quru əlaqəsi planlaşdırılır.

74

İspaniya ilə Mərakeşi Cəbəllütariq boğazının altından birləşdirəcək dəmir yolu tuneli layihəsi üzrə konkret addımlar atılmağa başlayıb. Layihə reallaşarsa, Avropa ilə Afrika La-Manş tunelinə bənzər, 42 kilometrlik yeraltı nəqliyyat dəhlizi ilə birləşdiriləcək və iki ölkə arasında ilk dəfə fasiləsiz quru bağlantısı yaradılacaq.

Alimlər və mühəndislər bildirirlər ki, Cəbəllütariq boğazının altından keçəcək dəmir yolu meqatunelinin tikintisi mövcud texnologiyalarla artıq mümkündür. İspaniya hökumətinin sifarişi ilə alman mütəxəssislər tərəfindən aparılan araşdırmalar tunelin texniki baxımdan inşa edilə biləcəyini təsdiqləyib. “The Olive Press” nəşrinin məlumatına görə, Madrid hökuməti layihənin ətraflı planının 2026-cı ilin sonuna qədər hazırlanmasını istəyir və 2027-ci ildə rəsmi təsdiqin verilməsi hədəflənir.

Avropanı Afrika ilə birləşdirən tunel ideyası İspaniyada ilk dəfə 1970-ci illərdə gündəmə gəlib. Uzun illər ərzində seçki vədlərində yer alan bu layihə zaman-zaman dövlət planlarına daxil edilsə də, indiyədək real icra mərhələsinə keçməyib. Son hesabatlar isə təxminən 50 illik arzunun ilk dəfə ciddi şəkildə həyata keçə biləcəyini göstərir.

Planlaşdırılan tunel Böyük Britaniya ilə Fransanı birləşdirən Manş tuneli modeli əsasında nəzərdə tutulur. Layihəyə görə, tunel iki xətli olacaq və hər xətt yalnız bir istiqamətdə fəaliyyət göstərəcək. Giriş və çıxış nöqtələri İspaniyanın Kadis bölgəsindəki Punta Paloma ilə Mərakeşdə Tanjer yaxınlığında yerləşən Malabata burnu olacaq. Marşrut Cəbəllütariq boğazının ən dar hissəsindən deyil, bir qədər qərb istiqamətindən keçəcək.

Tunelin ümumi uzunluğunun təxminən 42 kilometr olması planlaşdırılır ki, bunun da 28 kilometri dənizin altından keçəcək. Maksimal dərinliyin 470 metri keçəcəyi gözlənilir və bu göstərici layihəni Manş tunelindən daha dərin edəcək. Sərnişin və yük daşımalarının isə təxminən 30 dəqiqə çəkməsi nəzərdə tutulur.

Layihənin ümumi dəyəri ən azı 15 milyard avro olaraq qiymətləndirilir. Bu məbləğin 8,5–9 milyard avrosunun İspaniya, qalan hissəsinin isə Mərakeş tərəfindən qarşılanması planlaşdırılır. Rəsmi təsdiq alacağı təqdirdə, 2030-cu ildə quru üzərində hazırlıq işlərinə başlanması, əsas tikinti mərhələsinin isə 2035–2040-cı illər arasında aparılması gözlənilir. Səlahiyyətli qurumlar bu cədvəlin hələlik optimist ssenari olduğunu vurğulayırlar.