Prezident Fərman imzaladı – Azərbaycanda idxal-ixrac və logistika üçün “Bir pəncərə” sistemi yaradılır

Prezident Fərman imzaladı. Azərbaycanda idxal-ixrac, tranzit, nəqliyyat və logistika əməliyyatları üçün vahid “Bir pəncərə” rəqəmsal sistemi yaradılacaq.

93

Prezident tərəfindən imzalanan yeni Fərmana əsasən, Azərbaycan Respublikasında idxal-ixrac, tranzit, nəqliyyat və logistika sahəsində fəaliyyətin tam rəqəmsallaşdırılması istiqamətində mühüm addım atılıb. Bu sahələr üzrə “Bir pəncərə” informasiya sistemi yaradılacaq.

Yeni sistem xarici ticarət əməliyyatları zamanı tələb olunan bütün sənədlərin elektron qaydada təqdim edilməsinə, yükdaşıma müqavilələrinin onlayn bağlanmasına, daşınan yüklərin marşrut üzrə izlənməsinə, ödənişlərin aparılmasına və statistik məlumatların əldə edilməsinə imkan verəcək. Eyni zamanda, sərhədkeçmə prosedurları və daşıma qaydaları ilə bağlı məlumatlandırma və müraciətlərin cavablandırılması da sistem üzərindən həyata keçiriləcək.

“Bir pəncərə” sisteminin sahibi funksiyalarını Nazirlər Kabineti, operator funksiyalarını isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi icra edəcək. Sistem gömrük, vergi, lisenziya, icazə, sığorta, bank və digər dövlət informasiya sistemləri ilə Elektron Hökumət İnformasiya Sistemi üzərindən inteqrasiya olunacaq.

Nazirlər Kabinetinə doqquz ay müddətində sistemin əsasnaməsinin hazırlanması və normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərin təqdim edilməsi tapşırılıb. Sistem “Hökumət buludu” platformasında yerləşdiriləcək və onun fəaliyyəti üzrə aylıq hesabatlar təqdim olunacaq.

Bu qərar xarici ticarət proseslərinin sürətləndirilməsinə, şəffaflığın artırılmasına və yük axınlarının “ağıllı” idarə edilməsinə xidmət edir.