Monakoda qalmaqal: Türk ata-oğul şahzadənin oğlunu döydü

Monakoda “Qalatasaray” oyunu sonrası türk ata-oğul şahzadə Stefaninin oğlu Lui Dükrueni döyüb. Məhkəmə 3 il ölkəyə giriş qadağası qoydu.

137

Dekabrın 9-da UEFA Çempionlar Liqasının qrup mərhələsində keçirilən “Monako” – “Qalatasaray” oyunu sonrası Monakoda qalmaqallı hadisə yaşanıb.

Fransanın “Nice-Matin” nəşrinin məlumatına görə, Parisdə yaşayan və oyunu izləmək üçün Monakoya gələn Türkiyə vətəndaşları Selman B. və atası Hasan B. Monako şahzadəsi Stefaninin oğlu, 33 yaşlı Lui Dükrueni döyüblər.

Hadisə II Lui stadionunun VIP tribunasında baş verib. Bildirilir ki, qarşılaşmadan sonra Lui Dükrue və iki dostu tualetə getdiyi zaman ata-oğulun hücumuna məruz qalıb. Polis əməkdaşları tərəfindən saxlanılan Selman B. və Hasan B. bir gecə nəzarətdə saxlanıldıqdan sonra məhkəməyə çıxarılıb. Monakonu idarə edən Qrimaldi ailəsinin üzvünə qarşı zorakılıq ölkədə geniş rezonans doğurub və hadisə qısa müddətdə ictimai müzakirə mövzusuna çevrilib.

Monako Cinayət Məhkəməsinin sədri Florestan Bellinzona insidentlə bağlı görüntülərin olmadığını açıqlayıb. Məhkəmədə ifadə verən Lui Dükrue həyatından ciddi şəkildə qorxduğunu bildirərək, yumruq dəysəydi huşunu itirə biləcəyini və linç ediləcəyindən ehtiyatlandığını deyib. Ata və oğul isə gərginliyi özlərinin başlamadığını, baş verənlərin sadəcə itələşmə olduğunu iddia ediblər.

Məhkəmənin qərarına əsasən, hər iki şəxs barəsində iki ay şərti həbs cəzası çıxarılıb. Bundan əlavə, Selman B. və Hasan B.-nin üç il müddətinə Monakoya girişinə qadağa qoyulub və zərərçəkən üç nəfərin hər birinə ayrı-ayrılıqda 1 000 avro təzminat ödəmələri qərara alınıb. Hökm oxunduqdan sonra azadlığa buraxılan ata-oğul yaşadıqları Fransaya qayıdıblar.