Beynəlxalq Futbol Federasiyası (FIFA) Argentinanın futbol üzrə milli komandasını 2026-cı il dünya çempionatından kənarlaşdıra bilər. Bu barədə “La Nacion” qəzeti məlumat yayıb.
Məlumata görə, mümkün sanksiyalar Argentinanın Futbol Assosiasiyasında (AFA) baş vermiş korrupsiya qalmaqalı ilə bağlıdır. Assosiasiyanın prezidenti Klaudio Tapia və bir neçə yüksək vəzifəli əməkdaşı qanunsuz varlanmada şübhəli bilinir. Hazırda bu şəxslərlə bağlı rəsmi istintaq aparılır.
İş materiallarında futbol funksionerlərinə himayədarlıq etdiyi iddia olunan bir sıra argentinalı dövlət məmurlarının adları da yer alır. İstintaqın nəticələrindən asılı olaraq FIFA-nın Argentinaya qarşı ciddi sanksiyalar tətbiq edə biləcəyi, hətta milli komandanın mundialdan uzaqlaşdırılmasının gündəmə gələ biləcəyi bildirilir.
Qeyd edək ki, futbol üzrə 2026-cı il dünya çempionatı 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.