İsveçin paytaxtı Stokholmda 2025-ci il üzrə Fizika, Kimya, Tibb, İqtisadiyyat və Ədəbiyyat kateqoriyalarında Nobel Mükafatları sahiblərinə təqdim olunub.
Stokholm Konsert Evində təşkil olunan mərasimdə İsveç kral ailəsi, Baş nazir Ulf Kristersson, hökumət rəsmiləri, diplomatik korpus və mükafat laureatları iştirak ediblər. Mükafatlar kral XVI Karl Qustav tərəfindən təqdim olunub.
Bu il laureatlar aşağıdakı kimi olub:
-
Fizika: Con Klark, Mişel Devor, Con Martinis
-
Kimya: Susumu Kitaqava, Riçard Robson, Omar M. Yagi
-
Tibb: Meri Brankou, Fred Ramsdell, Şimon Sakaquçi
-
İqtisadiyyat: Coel Mokir, Filip Agion, Piter Hauitt
-
Ədəbiyyat: Laşlo Krasnahorkai
Laureatlara diplom, Nobel medal və 11 milyon İsveç kronu məbləğində pul mükafatı təqdim edilib.
Mərasim zamanı Konsert Evinin qarşısında təxminən 100 nəfər iqlim fəalı aksiya keçirib. Etirazçılar mükafatları maliyyələşdirən şirkətləri “təbiətə və meşələrə ziyan vurmaqda” ittiham edib və “Dünyamızı çirkləndirməyi dayandırın” şüarları səsləndiriblər.
2025-ci ilin Nobel Sülh Mükafatına layiq görülən venesuelalı müxalif siyasətçi Maria Korina Maçado Osloda keçirilən mərasimə yetişə bilmədiyi üçün mükafatı onun adından qızı Ana Korina Sosa qəbul edib.
Maçadonun İsrailin iki ildən artıqdır Qəzzada həyata keçirdiyi hərbi əməliyyatlara dəstək verməsi geniş narazılığa səbəb olub. Bu səbəbdən Norveç Sülh Şurası bu il ənənəvi məşəl yürüşünü keçirməyib.
Stokholm Bələdiyyə binasında keçirilən ənənəvi Nobel ziyafəti zamanı da etiraz aksiyası baş tutub. Fəallar ABŞ, İsrail və İsveç hökumətləri əleyhinə şüarlar səsləndirərək Qəzzada davam edən hərbi əməliyyatları və ABŞ-ın Venesuelaya qarşı iddia edilən müdaxilə hazırlığını pisləyiblər.
Etirazçılar “Qəzzada soyqırımı dayandırın”, “Venesuelada müharibəyə yox”, “İşğala son verin” kimi şüarlar yazılmış plakatlar qaldırıblar.
Aksiya iştirakçıları həmçinin Maçadonun Nobel Sülh Mükafatı almasına kəskin etiraz edərək onu “müdaxilə çağırışlarını dəstəkləyən və İsrailin mövqeyini alqışlayan siyasətçi” adlandırıblar.