Prezident İlham Əliyev 2026–2029-cu illər üçün Rəqəmsal İqtisadiyyat Strategiyasını təsdiqləyib

Prezident İlham Əliyev 2026–2029-cu illər üçün Rəqəmsal İqtisadiyyat Strategiyasını təsdiqləyib. Nazirlər Kabineti icranı koordinasiya edəcək, illik hesabat verəcək, monitorinqi isə İİTKM aparacaq.

127

10 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya”nın təsdiq edilməsi barədə sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikası Nazirlər Kabineti strategiyada nəzərdə tutulmuş tədbirlərin koordinasiyasını təmin etməli, onların icrasına nəzarət etməli və ildə bir dəfə Prezidentə hesabat təqdim etməlidir. Həmçinin, mövcud konsepsiya, strategiya, dövlət proqramı və milli fəaliyyət planları ilə əlaqələndirmə işləri də Nazirlər Kabinetinin məsuliyyətindədir.

Strategiyanın icrasının monitorinqi və qiymətləndirilməsi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən həyata keçiriləcək.

Maliyyə və İqtisadiyyat nazirlikləri isə strategiyada nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsini təmin etmək üçün hər il dövlət büdcəsi layihəsinin hazırlanması prosesində zəruri vəsaitin ayrılmasına cavabdeh olacaqlar.

Strategiya, ölkədə rəqəmsal iqtisadiyyatın inkişafı, innovasiya və texnologiyaların tətbiqi sahəsində prioritetlərin müəyyənləşdirilməsini və bu sahədə uzunmüddətli inkişafın təmin edilməsini hədəfləyir.