İlham Əliyev Böyük Britaniya Ticarət Elçisini qəbul etdi

Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ticarət elçisi Lord Olderdaysi qəbul edərək, strateji tərəfdaşlıq, regional sülh və müxtəlif sahələrdə əməkdaşlıq perspektivlərini müzakirə edib.

151

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 10-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan üzrə ticarət elçisi Lord Olderdaysi qəbul edib.

Görüşdə Lord Olderdays Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması ilə bağlı Vaşinqtonda əldə olunmuş nəticələrə görə təbrik edib. Prezident İlham Əliyev isə bu razılaşmaların tarixi əhəmiyyətini vurğulayaraq, xüsusilə, Prezident Donald Trampın bu prosesdəki rolunu qeyd edib. Dövlət başçısı Azərbaycanın sülh təşəbbüslərini davam etdirəcəyini və bunun regionun iqtisadi potensialına töhfə verəcəyini bildirib.

Söhbət zamanı həmçinin Azərbaycanla Böyük Britaniya arasında strateji tərəfdaşlıq, dostluq və etimada əsaslanan əlaqələrin uğurla inkişaf etdiyi, siyasi, iqtisadi, ticarət, investisiya, enerji, bərpaolunan enerji, müdafiə sənayesi və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğu vurğulanıb. Prezident İlham Əliyev Azərbaycan ilə BP şirkəti arasında 30 ildən artıq davam edən uğurlu əməkdaşlığı də qeyd edib.

Böyük Britaniya şirkətlərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bərpa və quruculuq işlərində iştirakı da məmnunluqla qeyd olunub.