Rusiyada biometrik yaş təsdiqi ilə çatdırılma xidməti işə düşdü

Rusiyada yaş məhdudiyyətli məhsulların çatdırılmasında biometrik təsdiq tətbiq olunur. Yeni sistem energetik içkilərin sifarişi zamanı pasportsuz yaş yoxlamasına imkan verir və hələlik yalnız Moskvada fəaliyyət göstərir.

129

Rusiyada yaş məhdudiyyəti olan məhsulların biometrik təsdiqi ilə çatdırılmasını təmin edən yeni xidmət istifadəyə verilir. Bu barədə “İzvestiya”ya Mərkəzi Biometrik Texnologiyalar Mərkəzinin (ЦБТ) mətbuat xidməti məlumat verib.

Artıq yaşı təsdiqləmək üçün şəxsiyyət vəsiqəsinə ehtiyac yoxdur — bu, Vahid Biometrik Sistem bazasında işləyən “Migom” xidməti vasitəsilə həyata keçiriləcək. İlkin mərhələdə sistem yalnız energetik içkilərin çatdırılmasında tətbiq olunacaq.

Pilot layihə dekabrda başlayıb: T-Bank “Magnit” şəbəkəsi ilə birlikdə texnologiyanı öz onlayn xidmətinə inteqrasiya edib. T-Bankın ekosistem identifikasiyası mərkəzinin rəhbəri Mixail Bulatovun sözlərinə görə, energetik içkini bankın tətbiqində “Supermarketlər” bölməsindən sifariş etmək mümkündür. Xidmət hələlik yalnız Moskvada aktivdir.

Yaşın yoxlanılması iki mərhələdə aparılır — sifariş zamanı və çatdırılma anında. Alıcı öz telefonunu kuryerin cihazına yaxınlaşdırmaqla şəxsən orada olduğunu təsdiqləməlidir. Sistem yaş məlumatını avtomatik olaraq Vahid Biometrik Sistemindən sorğulayır: müştərinin yaşı 18-dən yuxarıdırsa, alış təsdiqlənir, əks halda — bloklanır.