Yaponiyada insan yuyan kapsul satışa çıxdı – rekord qiymətə futuristik texnologiya

Yaponiyada “insan yuyan kapsul” satışa çıxarıldı. Həm bədəni, həm də zehni təmizləyən futuristik cihaz 385 min dollara təklif olunur və yalnız 50 ədəd istehsal ediləcək.

94

Yaponiyada “insan yuyan” adı ilə tanıdılan, paltaryuyan maşını prinsipi ilə işləyən futuristik kapsul cihaz rəsmi olaraq satışa çıxarılıb. Bu yenilikçi texnologiya istifadəçilərə həm bədənlərini təmizləmə, həm də zehni rahatlıq təcrübəsi təqdim etməyi vəd edir.

Cihaz kapsul şəklində hazırlanıb və istifadəçi sadəcə uzandıqda proses avtomatik başlayır. İstifadəçi yalnız sevdiyi musiqini seçir, geri qalan hər şey cihaz tərəfindən idarə olunur. Yuma zamanı aparat istifadəçinin ürək döyüntülərini və həyati göstəricilərini real vaxtda ölçür və qeydə alır. Şirkət nümayəndələri bildirir ki, cihaz yalnız fiziki gigiyena üçün deyil, həm də “ruhi arınma” üçün nəzərdə tutulub.

İlk mərhələdə prototip olaraq hazırlanan bu cihaz, ABŞ-da fəaliyyət göstərən bir turizm şirkətinin marağından sonra ticarət məqsədilə istehsal olunmağa başlanılıb. Şirkət ilkin olaraq cəmi 50 ədəd istehsal etməyi planlaşdırır. Məhdud sayda buraxılması cihazı eksklüziv edir.

Verilən məlumatlara görə, cihazın satış qiyməti 385 min dollar, yəni təxminən 655 min AZN təşkil edir. Bu futuristik texnologiya Yaponiyada və dünya mediyasında böyük maraq doğurub.