Dünyanın ən təhlükəli ölkəsi, onilliklərdir terror, quldurluq və xaosla assosiasiya olunan Somali 2024-cü ildə qlobal turizmdə gözlənilməz bir yüksəlişə imza atıb. Qərb hökumətlərinin “qırmızı bülleten”lə xəbərdarlıq etdiyi Moqadişuya gələn macəra turistlərinin sayı 50 faiz artaraq 10 minə çatıb. Təhlükəsizlik risklərinin, bombalı hücumların və davam edən terror təhlükəsinin fonunda müşahidə edilən bu artım beynəlxalq mediada böyük təəccüb doğurur.
Ənənəvi turistlər Paris küçələrində gəzməyi və ya Maçu Pikçu zirvəsinə dırmaşmağı xəyal etdiyi halda, kiçik, lakin sürətlə böyüyən bir qrup səyahətçi istiqamətini Afrika Buynuzuna, Somaliyə çevirib. Risk xəritələrində daim ən yüksək təhlükə səviyyəsini göstərən qırmızı rənglə işarələnən ölkə, 2024-cü ildə turizmdə rekord artım əldə edib. “CNN”-in məlumatına əsasən, yalnız ötən il Somali təxminən 10 min turist qəbul edib. Bu artım xüsusilə 2024-cü ilin avqustunda Lido çimərliyində 50-dən çox mülki şəxsin öldürüldüyü hücum və 2025-ci ilin əvvəlində Moqadişuda baş verən terror aktları nəzərə alınanda daha da diqqətəlayiq görünür.
Somali hökuməti ölkəni xarici turistlər üçün daha əlçatan etmək məqsədilə 1 sentyabr 2025-ci ildə yeni elektron viza sistemini istifadəyə verib. Viza prosesini 10 günədək sürətləndirən bu qərar “ekstrim turizm” bazarına ciddi dinamika gətirib. Macəra turizmi şirkəti “Untamed Borders”-ın təsisçisi Ceyms Uilkoks yeni tələbi belə izah edir: “Tələb inanılmaz sürətlə artır. 2023-cü ildə Moqadişuya cəmi iki tur təşkil etmişdik, bu il isə rekord sayda – 13 qrup səfər həyata keçirdik.”
Bununla belə, təhlükəsizlik durumu hələ də kritik olaraq qalır. ABŞ Dövlət Departamenti Somali üçün “Səviyyə 4: Səyahət Etməyin” xəbərdarlığını qüvvədə saxlayır və ölkədə cinayət, terrorizm, iğtişaşlar, adam qaçırma və dəniz quldurluğu risklərinin real və dinamik olduğunu vurğulayır. Xəbərdarlıqlarda Eş-Şebabın hətta hava limanı kimi strateji obyektləri hədəf ala bildiyi qeyd olunur. Almaniya Xarici İşlər Nazirliyi də vətəndaşlarını Somali ilə bağlı ciddi şəkildə xəbərdar edir. Uilkoks etiraf edir ki, “Somalinin bəzi bölgələri inanılmaz dərəcədə təhlükəlidir. Bəzi ərazilərə xaricilərin getməsi tamamilə məsuliyyətsizlik olardı.”
Bütün xəbərdarlıqlara baxmayaraq, macəra həvəskarları bu ölkəyə üz tutmaqdan vaz keçmir. 52 Afrika ölkəsinin hamısını ziyarət etməyi qarşısına məqsəd qoyan səyyahlar və ekstrim təcrübə axtaran turistlər üçün Somali hələ də cəlbedici məkan olaraq qalır. Bununla yanaşı, 1991-ci ildən faktiki müstəqil olan, lakin beynəlxalq səviyyədə tanınmayan Somaliland bölgəsi Somalinin digər hissələrinə nisbətən daha təhlükəsiz alternativ sayılır. Lakin bu bölgə Moqadişunun yeni e-viza sistemini tanımadığı üçün turistlər eyni prosedurdan istifadə edə bilmir.
Dünyanın ən yoxsul və eyni zamanda ən təhlükəli ölkələrindən biri olan Somali “qara turizm” və ekstrim səyahət bazarında yeni mərkəzə çevrilməkdədir. Artan maraq həm risk, həm də macəra axtaran turistlərin bu ölkəni “son dayanacaq” kimi görməyə başladığını göstərir.