Ukraynanın Lutsk şəhərində yerləşən nəhəng yaşayış kompleksi dünyanın ən uzun binası kimi qeydiyyata alınıb.
“Arı pətəyi evi” və ya yerli əhali arasında “Çin Səddi” adlandırılan bu tikili ümumilikdə 3 kilometrə yaxın uzunluğa malikdir. Binanın yalnız əsas xətt üzrə uzanan hissəsi təxminən 1,75 kilometr təşkil edir. Kompleks 38–40 blokdan ibarətdir və fərqli hündürlükləri ilə böyük bir şəhər məhəlləsini xatırladır. Onlarla giriş qapısı, 3 mindən çox mənzili və təxminən 10 min sakini olan bina özündə yaşayış üçün lazım olan bütün infrastrukturu – iç həyətlər, oyun və istirahət zonaları, yaşıl sahələr və mağazaları bir araya gətirir.

Tikintisinə 1969-cu ildə başlanan bu nəhəng layihənin inşası 11 il davam edib və bina 1980-ci ildə tamamlanıb. Sovet modernizmi dövrünün memarlıq yanaşması ilə inşa edilən kompleksin ən diqqətçəkən tərəfi blokların 120 dərəcə bucaqlar altında birləşdirilərək arı pətəyinə bənzər forma yaratmasıdır. Bu xüsusiyyət bina üçün “arı pətəyi evi” adının yaranmasına səbəb olub. Layihənin baş mühəndisi Vasıl Kuzmiç Malovıtsya və aparıcı memar Rostıslav Georgiyeviç Metelnıtski, minlərlə sakin üçün funksional və sosial baxımdan ahəngdar bir yaşayış mühiti qurmağı hədəfləyiblər.
Mütəxəssislər bildirirlər ki, dünyanın müxtəlif ölkələrində uzun yaşayış binaları mövcud olsa da, blok sayı, daxilindəki keçidlər, giriş qapıları və sakinlərin çoxluğu baxımından Lutskdakı bu kompleks əvəzolunmazdır. Şəhərin simvollarından birinə çevrilən nəhəng bina memarlıqda Çin Səddi ilə müqayisə olunur, lakin sırf yaşayış məqsədli tikililər arasında dünya üzrə birinci yeri tutur. Kompleksin diqqətçəkən özəlliklərindən biri də budur ki, hər bölmənin ayrıca rəsmi ünvanı var. İlk sakinlər labirintvari dəhlizlər səbəbindən ünvan tapmağın çətin olduğunu bildiriblər. Üstdən baxıldıqda bina arı pətəyini xatırladır, ətrafda illərdir qorunan geniş yaşıllıq zolaqları isə həm estetik məkan təəssüratı yaradır, həm də istiqaməti müəyyənləşdirməyə kömək edir.
Bu nəhəng tikili həm ölçüləri, həm də memarlıq strukturu ilə dünyanın ən qeyri-adi yaşayış komplekslərindən biri hesab olunur.