Ukrayna Ali Radasında falçılıq, ekstrasensorika, magiya, ezoterika və okkultizm sahəsində ödənişli xidmətlərə görə inzibati məsuliyyət nəzərdə tutan qanun layihəsi qeydiyyata alınıb. Ali Radanın rəsmi məlumatına görə, №15251 saylı qanun layihəsi 15 may 2026-cı ildə parlamentə təqdim edilib və təşəbbüsün müəllifi deputat Georgi Mazuraşudur.
Layihə Ukraynanın İnzibati Xətalar Məcəlləsinə dəyişiklikləri nəzərdə tutur. Sənədə əsasən, ödənişli falçılıq, ekstrasensorika, magiya, ezoterika və okkultizm xidmətlərinin göstərilməsi ilə yanaşı, bu xidmətlərin reklamı, populyarlaşdırılması və onlar barədə məlumat yayılması da məsuliyyət yarada bilər.
MSNews.az xəbəri “Interfaks-Ukrayna” portalına istinadən verir.
Nəşrin məlumatına görə, qanun layihəsi qəbul edilərsə, bu cür xidmətlərə görə 1000-dən 2000-dək vergi tutulmayan minimum gəlir məbləği həcmində cərimə tətbiq oluna, xidmətlərin göstərilməsində istifadə edilən vasitələr isə müsadirə və utilizasiya edilə bilər. Təkrar pozuntu və ya belə hərəkətlərin vəzifəli şəxs tərəfindən törədilməsi halında cərimənin 12 minədək vergi tutulmayan minimum gəlir məbləğinədək artırılması təklif olunur.
Qanun layihəsinin izahat hissəsində təşəbbüsün məqsədi vətəndaşları falçılıq, ekstrasensorika, magiya, ezoterika və okkultizmin, o cümlədən Tarot kartları, runlar, astrologiya, numerologiya, xiromantiya, görücülük və spiritizm kimi üsulların mənfi təsirindən qorumaq kimi göstərilib.
Təşəbbüs Ukrayna Prezident Ofisinin sabiq rəhbəri Andrey Yermakla bağlı qalmaqal fonunda gündəmə gəlib. Ukrayna mediası yazır ki, məhkəmə prosesi zamanı ittiham tərəfi Yermakın bəzi kadr təyinatları ilə bağlı telefonunda “Veronika Feng Shui Office” kimi qeyd edilən şəxslə yazışdığını bildirib. Yermak isə falçılarla məsləhətləşdiyini təkzib edib və belə iddiaları qəbul etməyib.