Ukrayna Təhlükəsizlik Xidməti Kiyevdə terror aktı hazırlığında şübhəli bilinən iki nəfərin saxlanıldığını açıqlayıb.
MSNews.az xəbər verir ki, SBU və Ukrayna Milli Polisi Kiyevin mərkəzində administrativ binalardan biri yaxınlığında planlaşdırılan hücumun qarşısının alındığını bildirib. Rəsmi məlumata görə, saxlanılan şəxslər Rusiyanın Federal Təhlükəsizlik Xidməti — FSB ilə əməkdaşlıqda şübhəli bilinirlər.
SBU-nun məlumatına əsasən, şübhəlilər Kiyevin Şevçenko rayonunda administrativ korpus yaxınlığında yanğın və partlayış törədə biləcək qurğu yerləşdiriblər. Onların bunu məsafədən işə salmağı və daha sonra Rusiya ərazisinə keçməyi planlaşdırdığı iddia olunur.
Rəsmi açıqlamada qeyd edilir ki, saxlanılanlar hadisədən sonra Çerniqov istiqamətinə hərəkət ediblər. Onların Belarus üzərindən Rusiyaya keçmək üçün sərhədi qanunsuz yolla keçməyi planlaşdırdığı bildirilir. Hüquq-mühafizə orqanları hər iki şəxsin qatarla hərəkət etdiyi vaxt saxlanıldığını açıqlayıb.
SBU-nun məlumatına görə, saxlanılanlardan biri hərbi hissəni özbaşına tərk etmiş mobilizasiya olunmuş şəxs, digəri isə Kiyevdə çalışan marketoloqdur. İstintaq materiallarında onların “Telegram” kanalları vasitəsilə Rusiya xüsusi xidmət orqanlarının diqqətinə düşdüyü iddia olunur.
Hər iki şəxsə Ukrayna Cinayət Məcəlləsinin terror aktına cəhd maddəsi üzrə şübhə elan edilib. “SBU” bildirir ki, onların dövlətə xəyanət maddəsi üzrə də məsuliyyətə cəlb olunması məsələsi araşdırılır. Şübhəlilər hazırda həbsdədir.