Alimlər 1960-cı ildən bəri Yerin yaxınlığında səssizcə hərəkət edən kiçik bir göy cismini aşkarlayıblar. “PN7” adı verilən bu obyektin, Günəş ətrafındakı hərəkətini Yer ilə birlikdə paylaşdığı və buna görə “yarı-peyk” kateqoriyasına daxil edildiyi bildirilib. Bu kəşf, planetimizin orbitində hərəkətin əvvəl düşünüləndən daha mürəkkəb olduğunu göstərir.
Amerikan Astronomiya Dərnəyinin araşdırma qeydlərində “PN7”-nin bəzən Yerin önündə, bəzən isə arxasında hərəkət etdiyi təsdiqlənib. Bu cisim Ay kimi Yerə bağlı deyil, lakin Günəş Sistemi daxilində Yerlə incə tarazlıqda hərəkət edən bir “yol yoldaşı” kimi xarakterizə olunur. Marilend Universitetindən astronom Ben Şerki “PN7”-nin aşkar olunmasını öyrəndikdə böyük təəccüb yaşadığını bildirib və bu kəşfin Yerin ətrafının gözləniləndən daha “sıx” olduğunu göstərdiyini vurğulayıb.
“PN7”-nin ilk müşahidələri Havay adalarında yerləşən “Pan-STARRS” teleskopları vasitəsilə aparılıb. Alimlər bildirir ki, bəzi yarı-ulduzlar yüz illərlə bu mövqedə qala bilir, bəziləri isə Günəş və Yerin cazibə tarazlığının dəyişməsi ilə bir neçə onillikdə sistemdən uzaqlaşır. Bu kəşf, Yerin ətrafında hərəkət edən “kosmik yol yoldaşları” sırasına yeni bir obyektin əlavə olunduğunu göstərir.
Eyni zamanda, “PN7” kimi yarı-peyklər Yer ilə oxşar orbitdə hərəkət edərkən, bəzi kiçik göy cisimlərinin qısa müddət üçün “mini peyk” roluna keçdiyi bildirilir. Bu cisimlər, Yerin cazibəsinə müvəqqəti tutulur və qısa müddət sonra yenidən kosmosa atılır. Finlandiyanın Turku Universitetindən astronom Grigoriy Fedorets bu obyektlərin son dərəcə kiçik olduğunu və buna görə aşkar edilməsinin çətin olduğunu qeyd edib. İndiyə qədər yalnız bir neçə belə nümunə təsdiqlənib və onların əksəriyyəti bir ildən az müddətdə Yerin cazibəsindən çıxır.
Alimlər “PN7” və digər yarı-peyklərin mənşəyi ilə bağlı üç fərziyyəni nəzərdən keçirir: bunlar Yupiterin güclü cazibəsi ilə parçalanmış köhnə asteroitlərdən ayrılan hissəciklər, Ayın səthindən ayrılmış daş parçaları və ya Günəş Sistemi formalaşandan indiyə qədər qalan ilkin göy daşlarıdır. Kəşfin ən diqqətçəkən tərəfi, bu cisimlərin onilliklər boyunca fərq edilmədən Yerlə eyni orbiti paylaşa bilməsidir. Alimlər bildirir ki, bu tip obyektlərin izlənməsi həm elmi tədqiqatlar, həm də gələcək kosmik missiyalar üçün böyük əhəmiyyət kəsb edir.